Xəbər lenti

"Taliban"ın öhdəlikləri: ABŞ-dan sonra Moskva və Tehranla danışıqlar nə vəd edir?
Dünya10:32 10.07.2021

"Taliban"ın öhdəlikləri: ABŞ-dan sonra Moskva və Tehranla danışıqlar nə vəd edir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Vaşinqtonun ardınca, Moskva və Tehran da daha "Taliban"a terrorçu təşkilat kimi baxmayacaqlar”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Əfqanıstandakı "Taliban" hərəkatının Rusiya və İrana olan səfərlərini dəyərləndirərkən deyib. Onun fikrincə, hər iki ölkə ilə aparılan danışıqlar müəyyən anlaşmaların əldə edildiyini göstərir: 
"Bilirsiniz ki, "Taliban"la ilk görüşü ABŞ başlayıb və onlar arasında razılıq əldə olunub. Bu fonda növbəti mərhələdə "Taliban" region ölkələrilə, İran, Pakistan, Rusiya və Çinlə razılığa gəlməyi düşünür. Moskva və Tehrana olan səfərlər də bu məqsədə xidmət edirdi. "Taliban"ın Rusiya və İranla razılıq əldə etməsi ABŞ üçün böyük əhəmiyyət kəsb edir. Çünki Rusiya Orta Asiyada nüfuza malikdir, Tacikistanda hərbi bazası var. İran isə Əfqanıstanla geniş sərhədə malikdir və bu ölkədəki bir sıra proseslərə təsir etmək imkanındadır. Rusiya və İranla aparılan danışıqlar prosesdə anlaşmanın əldə olunmasını göstərir”. 
Həmsöhbətimiz düşünür ki, bundan sonra Moskva və Tehran "Taliban"a terrorçu təşkilat kimi baxmayacaq: 
"Perspektivdə "Taliban" hakimiyyətə gələrsə, Vaşinqtonun ardınca Moskva və Tehran da ona etiraz etməyəcək. Bundan sonra həmin dövlətlər "Taliban"ı daha terrorçu təşkilat hesab etməyəcəklər. Onlar bundan sonrakı mərhələdə siyasi təşkilat kimi ortaya çıxacaq”. 
Ekspert qeyd edib ki, bu razılaşmalar fonunda "Taliban" üzərinə müəyyən öhdəliklər götürüb: 
"Onlar Əfqanıstana rəhbərlik etdikləri dövrdə özlərini faşist kimi aparıb, ölkədə yaşayan əhaliyə olmazın əzab-əziyyət veriblər. Amma indi "Taliban" müəyyən öhdəlik götürüb. Öhədliklərdən biri odur ki, hazırkı hakimiyyətlə işləri olmayacaq, İŞİD-lə əlaqə yaratmayacaq, qonşu ölkələrə, xüsusən də Tacikistana problem yaşatmayacaqlar. Yəni onlar əvvəlki "Taliban" olmadıqlarını, dəyişdiklərini bəyan edirlər. Amma burada bir "əmma” var.  Taliblər bəyan edib ki, perspektivdə Əfqanıstanın dövlət quruluşu məsələsini müzakirə edəcəklər. Onlar isə Əfqanıstana xilafət qismində baxırlar”. 
Lakin S. Soltan "Taliban"ın götürdüyü öhdəliklərə sonda əməl etməyəcəyi qənaətindədir: 
"Əfqanıstanda milli, insan hüquqları məsələləri ciddi şəkildə qalmaqdadır, hələ də öz həllini tapmayıb. "Taliban"ın isə bu tip məsələləri həll etməyə qabiliyyəti çatmır, heç zaman həll etməyəcəklər. "Taliban"ın başının sığallanması ilə Əfqanıstanda mövcud olan problemlərin həll ediləcəyi inandırıcı deyil”.
Rüfət Sultan