
Bu gün İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar (U-21) arasında 2019-cu ildə İtaliyada və San Marinoda təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
Qaynarinfo.Az xəbər verir ki, ötən seçmə mərhələdə gözlənilmədən Rusiyanı qabaqlayaraq IV pilləni tutan Yaşar Vahabzadənin yetirmələri bu dəfə tsiklin V qrupunda mübarizə aparacaq. Rəqiblər bunlardır: Almaniya, İsrail, Norveç, İrlandiya, Kosovo.
Bunlardan Almaniya bizə ötən seçmə mərhələdən tanış rəqibdir. Qrupu lider kimi tamamlamaqla bu ilin 16-30 iyununda Polşada keçiriləcək Avropa çempionatına vəsiqə qazanan almanlar hər 2 matçda bizim yığmanı məğlub etmişdi - 0:3, 1:3.
Azərbaycan tərəfindən müstəqilliyi hələ də tamamlanmayan Kosovo ilk dəfə bu yaş qrupunda seçmə mərhələdə debüt edəcək. Bu isə o deməkdir ki, tanınmamış ölkənin futbolçuları ilk dəfə Azərbaycana gələcək və eləcə də Azərbaycan millisinin futbolçuları tanınmamış ölkəyə səfər etməli olacaq.
Qeyd edək ki, oyunların keçirilmə tarixləri bəlli olsa da, qrupun görüşlərinin dəqiq tarixləri hələ ki bəlli deyil.
Qaynarinfo.Az