Xəbər lenti

Tanrı olmaq, səltənət qurmaq istədi, 128 min insanı aldatdı - 5,5 milyardlı kriptovalyuta...
Dünya 18:00 30.09.2025

Tanrı olmaq, səltənət qurmaq istədi, 128 min insanı aldatdı - 5,5 milyardlı kriptovalyuta...

Böyük Britaniyada aparılan yeddi illik istintaq nəticəsində, Çin vətəndaşı Cimin Çyan (digər adıyla Yadi Canq) Londondakı Soutvark Cinayət Məhkəməsində günahını etiraf edib. 

Qayanrinfo xəbər verir ki, o, "qanunsuz yolla kriptovalyuta əldə etmək və saxlamaq" ittihamı ilə təqsirli bilinib. Rəsmilər bunun tarixdə "ən böyük kriptovalyutaya əl keçirmə əməliyyatı" ola biləcəyini bildirirlər.

Məlumatlara görə, Çyan 2014–2017-ci illərdə Çində 128 min nəfəri aldadaraq onların pullarını 61 min ədəd "Bitcoin”də saxlayıb. Yeddi illik beynəlxalq çirkli pulların yuyulması əməliyyatının sonunda o, təqsirini qəbul edib.

2018-ci ildə cinayət gəlirlərinin köçürülməsi barədə məlumat əsasında istintaq başlayıb. Çyan saxta sənədlərlə Çindən qaçaraq Britaniyaya gəlib, burada isə əldə etdiyi kripto vəsaitləri daşınmaz əmlaka və digər sərvətlərə çevirməyə cəhd göstərib.

İstintaq zamanı ələ keçirilən elektron gündəlikdə Çyanın Dalay Lama tərəfindən "reenkarnasiya tanrıçası” kimi elan olunmaq arzusu və öz "krallığını” qurmaq planı üzə çıxıb. O, Xorvatiya ilə Serbiya arasındakı 7 kvadratkilometrlik tanınmamış "Liberland” ərazisində hava limanı, liman və buddist məbədi də olan bir dövlət yaratmaq istədiyini yazıb.

Çyana yardım edənlərdən biri, əvvəllər paket çatdırıcısı işləyən Çin əsilli Cian Ven olub. O, bu cinayət şəbəkəsindəki roluna görə 6 il 8 ay həbs cəzası alıb. Ven həmçinin Dubayda 500 min funt sterlindən artıq dəyərdə daşınmaz əmlak alıb və ondan da 300 milyon funt sterlin dəyərində "Bitcoin” müsadirə edilib.

2024-cü ildə məlum olub ki, Çyanın layihələrinə sərmayə qoyanların çoxu 50–75 yaş arası insanlar olub. Onlardan milyonlarla funt sterlin dəyərində pul toplayan Çyan, Çini maliyyə və texnologiya mərkəzinə çevirmək vədi ilə etibar qazanıb. Zərərçəkənlər arasında iş adamları, bank əməkdaşları və hüquqşünaslar da var.

Baş prokuror müavini Robin Veyell bildirib ki, kriptovalyutalar getdikcə daha çox cinayətkarlar tərəfindən çirkli pulları gizlətmək və köçürmək üçün istifadə olunur. Bu iş, Böyük Britaniyada ələ keçirilmiş ən böyük kriptovalyuta əməliyyatı kimi tarixə düşüb.

Hazırda Çyan həbsdədir və hökm gözləyir. Çin hökumətinin yaratdığı kompensasiya planı vasitəsilə bir sıra zərərçəkmişlər sərmayələrinin müəyyən hissəsini geri alıblar. İstintaq isə davam edir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->