
Rusiyalı jurnalistlər "Fənərbaxça" - "Lokomotiv" oyunundan sonra yaşanan insidentlə bağlı Kremlin rəsmi nümayəndəsi Dmitriy Peskovun da fikrini öyrənməyə çalışıblar. Peskovun fikri qısaca belə olub: "Mən futbol işlərinə dair hansısa şərh vermək istəməzdim".
Qaynar.info xəbər verir ki, rusiyalı hüquqşünas Mixail Prokopets UEFA-nın kluba və futbolçuya verə biləcəyi cəza haqqında danışıb:
"Əgər bu an matçın protokoluna daxil edilibsə, onda UEFA-da bu məsələyə baxılacaq. Ancaq buna protokolsuz da baxa bilərlər. Düşünmürəm ki, "Lokomotiv" hansısa sanksiyalara məruz qalacaq, Tarasov isə böyük məbləğdə cəzalanacaq.
Reqlamentin 14-cü maddəsində siyasi təbliğata dair oxşar cəzalar var. Bu hadisəyə görə kifayət qədər ciddi cəza - 10 matçdan diskvalifikasiya nəzərdə tutulub.
Mən UEFA-nın intizamla bağlı praktikasına baxmışam, onlar kifayət qədər geniş şəkildə siyasi propaqandaları müzakirə edirlər. Sən prezidentin şəkli olan mayka geymisənsə, deməli, bununla nəyisə demək istəmisən. Hazırda futbolçu hökumət rəhbərinə hörmətini ifadə etdiyini bildirib. UEFA-da isə qiymətləndirmirlər ki, bu yaxşıdır, yoxsa pis".
Qeyd edək ki, rus hüquqşünas "Lokomotiv"in cəzadan qaça biləcəyini düşünsə də, UEFA-nın 14-cü maddəsinin 7-ci bəndinə əsasən klub belə hallarda azarkeşsiz matç keçirə və ya 50 min avro cərimələnə bilər.
Onu da bildirək ki, Dmitri Tarasovun Vladimir Putinin şəkli ilə olan formasına görə, "İnstaqram" hesabına 14 saat ərzində 2800 komment rus, türk və digər dillərdə yazılıb. Bu hərəkətinə görə hədələnən futbolçunun şəklinə isə 15 minə yaxın "layk" qoyulub.
Qaynar.info