Əsrlərdir Karib dənizinin dibində aşkarlanmağı gözləyən və "batmış gəmilərin müqəddəs kasası" sayılan San Xose kalyonunun tapıldığı rəsmi olaraq təsdiqlənib.
Qaynarinfo xəbər verir ki, 1708-ci ildə Panamanın Portobelo limanından yola çıxan 14 ticarət və 3 mühafizə gəmisi olmaqla ibarət donanmanın önündə San Xose kalyonu gedib. 600 nəfərlik heyəti olan gəmi Peru ərazisindən İspaniyaya doğru yola çıxıb və içərisində yüzlərlə nadir əşya, qızıl və gümüş sikkələr, mirvarilər və qiymətli daşlardan ibarət, dəyəri bu gün 20 milyard dollara çatan xəzinə daşıyıb.
Tarixin axarını dəyişən toqquşma
Britaniya Kral Donanmasının admiral Çarlz Vagerin komandanlığı ilə hərəkət edən donanması Kolumbiyanın Kartexena şəhəri sahillərindəki Baru adası yaxınlığında San Xose ilə qarşılaşıb. Gəmiyə hücum edərək barıt çəlləklərini partladıblar və xəzinə suyun dibinə çöküb. Gəmidəki 600 nəfərdən yalnız 11 nəfər sağ qalıb.
Bu sərvətdən əldə olunacaq gəlirin İspaniyanın Britaniya və müttəfiqlərinə qarşı apardığı İspaniya taxt-tac müharibəsinin maliyyələşdirilməsində istifadə olunması planlaşdırılırdı.
San Xose batdıqdan sonra İspaniya müharibədə mühüm bir maliyyə qaynağından məhrum olub və nəticədə Cəbəllüttariq, Nyufaundlend və Nova Skotiya əraziləri Britaniyanın nəzarətinə keçib. Bu hadisə Britaniyanın tarixi baxımından strateji dönüş nöqtəsi sayılır.
300 ildən çox axtarılırdı
Tədqiqatçılar bu qalığın yerini 300 ildən artıq müddətdə tapmağa çalışırdı. 2015-ci ildə Kolumbiya sahillərində tapılan bir qalığın San Xoseyə aid olduğu iddiası gündəmə gəlmişdi. "The Telegraph" qəzetinin məlumatına görə, kolumbiyalı alimlər bu iddianı indi rəsmi şəkildə təsdiqləyiblər.
Sualtı dronlar vasitəsilə 600 metr dərinlikdə aparılan çəkilişlər nəticəsində ətrafa səpələnmiş qalıqlar görüntülənib. Fotolarda Perunun Lima şəhərindəki zərbxananın işarələrini daşıyan və 1707-ci ilə aid gümüş sikkələr aşkarlanıb. Bundan əlavə, Çin istehsalı olan və 1662–1722-ci illəri əhatə edən Kanqsi dövrünə aid porselenlər, üzərində 1665-ci il yazılmış toplar da tapılıb.
"Bu xüsusiyyətlərə uyğun tək gəmi San Xosedir"
Bütün tapıntılar batığın XVIII əsrin əvvəlində batan bir gəmi olduğunu göstərir. Alimlərin "Antiquity" jurnalında dərc edilən araşdırmasında bu fikirlər yer alıb: "Bu dəlillər batığın San Xose kalyonu olduğuna dair fərziyyəni gücləndirir. Bu hipotez, batıq 2015-ci ildə tapılandan bəri müzakirə olunurdu".
Kolumbiya Dənizçilik Məktəbi və Milli Antropologiya və Tarix İnstitutunun arxeoloqu Daniela Varqas Ariza Daily Mailə verdiyi açıqlamada bildirib: "1707-ci ildə Lima zərbxanasında kəsilmiş sikkələrin tapılması, gəminin XVIII əsrin əvvəllərində Tierra Firme marşrutu üzrə hərəkət etdiyini göstərir. Bu xüsusiyyətlərə uyğun tək gəmi San Xosedir. Bu tapıntılar sualtı arxeoloji məkana çıxış və müstəmləkə dövrü dəniz ticarəti ilə marşrutlarını daha dərindən anlamaq üçün nadir bir fürsət yaradır".
Hüquq iddiaları
San Xose batığının tapıldığı təsdiqləndikdən sonra xəzinənin hüquqi sahibi ilə bağlı mübahisələr yenidən alovlanıb. Kolumbiya, İspaniya və Peru hökumətləri, bölgədə yaşayan yerli icmalar, xəzinəni çıxaran işçilərin varisləri, eləcə də batığı 1981-ci ildə tapdığını iddia edən "Glocca Morra" adlı xəzinə ovçuluğu şirkəti bu qalıqlar üzərində hüquq iddia edir.
"Glocca Morra" şirkətinin varisi olan "Sea Search Armada" adlı qurum qalığın 1981-ci ildə qeyd edilən koordinatlara yaxın ərazidə tapıldığını bildirir və xəzinənin qarşılığında 10 milyard dollar tələb edir. Şirkət Kolumbiya hökumətinin 2020-ci ildə çıxardığı və batıqda olan hər bir obyektin hökumətə aid olduğunu elan edən qanunla mübarizə aparır.
Kolumbiyanın sabiq prezidenti Xuan Manuel Santos isə 2015-ci ildə bu iddiaya qarşı çıxaraq, donanmanın qalıqları fərqli yerdə aşkarladığını bəyan etmişdi. 2022-ci ildə başqa bir komanda batıqdan çəkilmiş heyrətamiz fotolar paylaşmış, 2023-cü ildə isə hökumət xəzinənin prezident Qustavo Petro-nun səlahiyyət müddəti bitənə qədər - 2026-cı ilə kimi sudan çıxarılacağını bildirmişdi.
Sikkələr əsas sübut sayılır
Tədqiqatçılar araşdırmalarında bildiriblər ki, sikkələr xüsusilə qatmış gəmilərin tarixləndirilməsi və maddi mədəniyyətin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. İngiliscədə "cob”, ispan dilində isə "macuquina” olaraq bilinən əyri formalı, əl işi sikkələr iki əsrdən çox müddətdə Amerika qitəsində əsas pul vahidi kimi istifadə olunub. Bəzi sikkələrdə İspaniya imperiyasının simvolları olan Kastilya və Leon nişanları da mövcuddur.
Əvvəlki karbon analizləri də batıqdan əldə olunan nümunələrin təqribən 300 illik olduğunu göstərmişdi. Gəminin yükü, batıq "invaziv olmayan metodlarla tam olaraq sənədləşdirilənə” qədər sudan çıxarılmayacaq. Kalyonun çox dərinlikdə yerləşməsi isə tədqiqatçıların fiziki olaraq batığa enib araşdırma aparmasını mümkün etmir.
Aydın
Şərhlər