Günü-gündən ətrafda tatulu adamların artdığının şahidi oluruq. O döymələr, tatular bədənin müxtəlif nahiyələrində və müxtəlif ölçüdə, cürbəcür şəkillərdə olur.
Tatuya, döyməyə maraq haradan artır? Britaniya yayım korporasiyası (BBC) bu mövzuya toxunub və Con Kelli bu məsələni araşdırmağa başlayıb. ANN.Az həmin məqaləni oxucuların diqqətinə çatdırır:
"Əvvəllər insanlara cəmi bir döymə, tatu kifayət edirdi. İndi mürəkkəb sevərlərin yeni ehtiraslı nəsli bədəninə birdən çox tatu vurdurur. Nə üçün tatusevərlərin sayı artır?
Loren Qeysler ilk olaraq boynunun ardına kiçik xətt şəklində ulduzlardan ibarət döymə vurdurub. Həmin vaxt qızını çox kompleksli birisi sayan ana heç düşünməzdi ki, az sonra qızı əsl tatu həvəskarı olacaq.
İlk tatusunu döydürməsindən düz 10 il keçib və 31 yaşlı Lorenin bədənində Vilyam Morisin daim genişlənən tatusu döyülüb. Bu tatu gənc qadının sol qolunun üstündən çiyninə keçir və kürəyinə kimi davam edir.
Bu günə kimi gənc qadın vaxtının çoxunu tatu salonlarında keçirib. Özü danışır ki, çox sayda döymələr vurdurması kifayət qədər ağrılı olsa da, o, bu həvəsindən çəkinən deyil.
Lorenin tatu salonlarına ilk dəfə gedən dostlarına tövsiyyəsi də var: ”Yalnız bir döymə ilə kifayətlənməlisən deyə hansısa anlayış yoxdur. Bu, yalnız başlanğıcdır”.
Tatular hər yerdə var. Tatulu olmaq mötəbərlik əlamətidir. Əvvəllər döyməli, tatulu olmaq dənizçilərlə, məhkumlarla və kriminal dəstələrin üzvləriylə assosiasiya olunurdu. Amma vəziyyət dəyişib və hazırda beş amerikalıdan biri iddia edə bilər ki, onun bədənində heç olmasa bir dənə tatusu var.
Tatu həvəskarları gizlədilməsi asan olan, məsələn, topuğuna delfin şəklində tatu vurdurmuş Britaniya baş nazirinin həyat yoldaşı Samanta Kemeron kimi, yalnız bir tatu ilə kifayətlənmək istəmirlər.
Tatu vurdurmaqdan ruhlananlara məşhur futbolçu Devid Bekhemi misal göstərmək olar. Onun bədənində 34 tatu saymaq mümkündür. Bu incəsənət növündən xoşlanan başqa bir məşhur isə Şeril Kouldur, onun tatu kolleksiyasına kürəyinin aşağı hissəsində, yanında və ayaqlarında qızılgül buketləri daxildir.
Bədənində bir neçə tatu olan insanların sayı barədə etibarlı statistik məlumatlar, təəssüf ki, mövcud deyil. Amma döymə həvəskarlarının ötən həftə keçirilmiş London beynəlxalq festivalının təşkilatçıları bəyan ediblər ki, bu işə böyük həvəslə yanaşların sıraları daim genişlənir.
Tatu ustalarının özləri isə deyir ki, onlar müştərilərinin sayının nəzərə çarpacaq dərəcədə artmasına şahiddirlər, hətta həmin müştərilər onların salonlarına təkrar-təkrar gəlirlər ki, yenidən tatu vurdursunlar.
Tatuların məşhurluğunun artması "Channel 4" kanalında "Mənim tatulardan asılılığım” adlı silsilə verilişlərin çəkilməsinə səbəb olub. Bu verilişlər bədənlərinə çoxlu sayda döymələr vurduran insanlara həsr edilib.
Vestminster universitetinin psixoloqu, tatu vuran insanların psixoloji durumunu araşdıran Viren Svami hesab edir ki, tatu vurdurmağı narkotik, yaxud digər asılılıqlarla müqayisə etmək düzgün deyil: "İnsanların ilk tatusu ilə ikinci tatusu arasındakı zaman fasiləsi iki ildən yeddi ilə qədər olur. Praktika göstərir ki, hər halda, insanlar birinci tatunu vurdurduqdan sonra bu məsələyə daha ehtiyatla yanaşırlar. Çünki onlar artıq kəskin iynənin ağrısından xəbərdardırlar”.
Psixoloq fikrini belə davam etdirir: "Bu məsələdə tələsik qərarların qəbul edilməsi nadir hallarda müşahidə edilir. Tatunun vurulması zamanı yaranan ağrılar və bu ağrıları sakitləşdirməyin mümkün olmaması tatu vurdurmağa qarşı ən önəmli baryerdir. Bu, çox vaxt insanları tatu vurdurmaqdan çəkindirən amilə çevrilir”.
Qeysler psixoloqun bu fikirləri ilə razılaşır, çünki vurdurduğu birinci tatu ilə ikinci arasında 4 illik zaman fasiləsi olub. Gənc qadın öz əyləncəsinin əsirinə çevrilmədiyini, bunu əvəzində isə hər yeni tatu vurdurarkən yeni təcrübə qazandığını və hər şeyin nəzarət altında olduğunu bilidirib. O, tatu vurdurmağı özü istədiyini deyir və heç kim onu döymə vurdurmağa məcbur etmir: "Birinci seansdan sonra məndə elə hisslər yarandı ki, sanki öz emosiyalarımı idarə etmək mümkün idi, çünki mən ağrının nə olduğunu bilirdim və bədənimin buna tab gətirdiyini də düçünürdüm”.
Mən bir tatu vurdurdum, sonra isə daha bir neçə tatunu da nə üçün vurdura bilməyəcimi düşündüm. Bunda pis nə var axı? Sanki siz evin kəndarını keçmisiniz, bəs bundan sonra bir addım atıb dayanmağın nə mənası var ki?..”.
Son onillikdə tatu vurdurmağın psixologiyasının araşdırılması alimlərin diqqət mərkəzində olub. Amma insanların tatu salonlarına təkrar-təkrar gəlməsi və bir tatuyla kifayətlənməsinin səbəbi nədədir?
2012-ci ildə aparılmış tədqiqatlar göstərib ki, tatu vurduranlar və vurdurmayanlar arasında şəxsiyyət fərqləri çox da böyük deyil, amma tatu vurduran insanlar ətrafdakılara daha qeyri-adi təsir bağışlayırlar.
Psixoloq Svami deyir ki, insanların öz bədənlərində çoxlu tatular vurdurması ətrafdakılarda elə hiss yarada bilər ki, guya onlar unikal şəxsiyyətlərdir: "Xeyir. İnsanlar müxtəlif səbəblərdən tatu vurdururlar, amma əsas səbəb başqalarından fərqlənmək istəyindir. Amma bir tatu vurdurmuş insanların xasiyyətinin bir neçə tatu vurdurmuş insanların xasiyyətindən fərqləndirəcək hər hansı sübut yoxdur”.
48 yaşlı Stüart Ross vitiliqo adlı xəstəlikdən əziyyət çəkir, həmin xəstəlik onun bədənində ağ ləkələr buraxıb. Bunu gizlətmək üçün onun bədəninin böyük bir hissəsi, qoltuqaltı da daxil olmaqla, tatulanıb.
Səbəbindən asılı olmayaraq, çox zaman tatu vuranlar tatu vurdurmayanların mənfi münasibətilə qarşılaşırlar. Britaniya sosioloji assosiasiyasının bu yaxınlarda hazırladığı hesabatda deyilir ki, bəzi işə götürənlər tatuya mənfi baxdığından tatulu insanlar iş tapmaqda çətinlik çəkirlər.
2007-ci ildə aparılmış tədqiqatlar göstərib ki, tatulu qadınlar bir qayda olaraq daha cazibədar görsənirlər, nizamsız cinsi əlaqəyə girirlər və çox içki qəbul edirlər.
İnsanların daha çox və ya daha az döymə vurdurmasına aydınlıq gətirə biləcək bir səbəb yoxdur. Bu, insanın şəxsi istəyilə izah oluna bilər".
Tərcümə: Ramil Rahiboğlu
Qaynar.info 





