Dünya 16:50 28.11.2023

Tayvan 10 hərbçini Çinə casusluqda ittiham etdi

Tayvan Prokurorluğu 10 hazırki və istefada olan hərbçini Çinin xeyrinə casusluqda ittiham edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Tayvan Prokurorluğunun press-relizində deyilir.

Müttəhimlərdən üçü hərbi məlumatları toplamaq və ÇXR-ə ötürməyə hazır olan hərbçiləri casusluğa cəlb etməklə "Çinin xeyrinə casus şəbəkəsi yaratmağa” cəhddə ittiham olunur. 

Daha iki nəfər Çin ordusuna təslim olmaq çağırışlarını əks etdirən videoları internetdə yayımlayıb. Dörd nəfər pul mükafatı müqabilində çoxsaylı hərbi sirləri Pekinə ötürməkdə ittiham olunub. Nəhayət, son müttəhim iş yerindəki seyfdən hərbi sənədləri oğurlamaqda ittiham olunur.

Bu, son aylarda Tayvan hakimiyyətinin istefada olan hərbçiləri və zabitləri Çinin xeyrinə casusluqda ittiham etməsi ilk hal deyil. Belə ki, avqust ayında iki vətəndaşa (ata və oğul) adada keçirilən ən böyük hərbi təlimlər barədə Çinə məlumat toplamaqda kömək etdikləri iddia edilən iki əsgəri casusluğa cəlb etməkdə ittiham irəli sürülüb. Oktyabr ayında isə Hərbi Hava Qüvvələrinin istefada olan polkovniki Pekinə casusluq etmək və dövlət sirlərini ötürmək ittihamı ilə 20 il həbs cəzasına məhkum edilib.

Nizami Bağırov