Sənət 13:19 24.06.2023

Teatr direktorları özlərini "padşah" hesab edirlər?

"Bu günə kimi özünü 5 dövlətin sahibi kimi aparan teatr direktoru görməmişəm”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Valeh Kərimov aparıcı-aktyor Sərxan Kərəmoğlunun teatr direktoru, aktyorları ittiham etməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Aktyor imkanı, vaxtı olduğu müddətdə tamaşalara getdiyini vurğulayıb: 

"Mən əksər tamaşalara gedib baxıram. Bütün ayı teatrlara gedə bilmərəm axı, onu çatdırmaq da olmaz. Hazırda Mingəçevir teatrında işləyirəm. Həmin teatrın direktoru Əməkdar artist İntiqam Soltandır. O, mənim quruluş verdiyim tamaşada aktyor kimi oynayır. Özünü direktordan daha çox sadə aktyor kimi aparır. Bütün günü aktyorların arasındadır. Çox səmimidir. Bu günə kimi hansı teatrda işləmişəm, onların rəhbərlərinin özünü yuxarıdan aparmasını görməmişəm”. 

Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Tariyel Qasımov isə Sərxan Kərəmoğlunun teatr rəhbərlərinin özünü 5 dövlətin sahibi kimi aparması ittihamı ilə razılaşdığını deyib: 

"Yaşlı olduğum üçün məni işdən pensiyaya göndəriblər. Mən də çıxıb getdim. O tamaşaların əksəriyyətində özüm oynamışam və hamısını da görmüşəm. Məni məcbur tamaşaya apara bilməzlər, istəmirəm getmirəm. O ki qaldı, direktorların özlərini yuxarıdan aparmasına, onu düz deyir. Mənim əlim əsmir, belim bükülməyib, ayağımın üstündə gəzirəm. Biri gəldi, dedi  ki, sən yaşlısan, çıx get”. 

Qeyd edək ki, aparıcı-aktyor Sərxan Kərəmoğlu teatr direktorlarını və aktyorları ittiham edib. O, "Böyük  sənətkarlar artıq tamaşaya gəlmirlər, yola verirlər.  Teatr aktyorları və rəhbərlikləri arasındakı qalmaqallar... Elə teatr rəhbərləri tanıyıram ki,  səhnəyə çıxanda özünü 5 dövlətin sahibi kimi aparır.  Onun yanında hansı aktyor sərbəst ola bilər?"-deyə bildirib. 

Bahar Rüstəmli