"Bu informasiya daha çox Venesuela daxilində birinci şəxsin yalnız öz gələcək taleyini düşündüyü barədə fikirləri gündəmə gətirməklə, yaxın ətrafını ondan uzaqlaşdırmağa təşviq etmək məqsədi daşıya bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Venesuela prezidenti Nikolas Maduronun ABŞ prezidenti Donald Trampa hakimiyyətdən könüllü gedəcəyi təqdirdə, şəxsi toxunulmazlıq da daxil bəzi imtiyazlar istəməsi barədə yayılan məlumatları şərh edərkən deyib.
Ekspert bildirir ki, ABŞ hərbi donanmasının Karib dənizi hövzəsində yerləşdirilməsi və hər an Venesuelaya qarşı hərbi əməliyyatların başlana biləcəyilə bağlı verilən açıqlamalar daha çox Maduro rejiminə qarşı psixoloji savaş xarakteri daşıyır:
"ABŞ-ın Venesuelaya birbaşa hərbi təcavüzü Rusiyanın Ukraynaya müdaxiləsi kimi bir effekti verəcək. Çünki Venesuelanı dəstəkləyən dövlətlər maksimum dərəcədə çalışacaq ki, ABŞ bu müdaxilədə qarşısına qoyduğu məqsədə qısa müddətdə çatmasın. Birbaşa müdaxilənin əvəzində Vaşinqton Venesuelada hakimiyyət dəyişikliyinə nail olmaq üçün təzyiqləri artırmaq yolu tutduqda isə, Maduronu dəstəkləyən xarici qüvvələr prosesdə aktiv rol ala bilməyəcəklər".
Politoloq düşünür ki, Maduro rejimi isə uzunmüddətli psixoloji savaşa hazır deyil:
"Belə bir vəziyyətdə Maduronun könüllü istefaya gedəcəyi təqdirdə toxunulmazlıq istədiyi barədə yayılanm məlumatlar isə real olduğu qədər, həm də dezinformasiya ola bilər. Yəni informasiyanın dəqiqliyi və yaxud dezinformasiya olmasını 50-nin 50-yə nisbətində qiymətləndirərdim. Bu mənada verilən informasiya Venesuela daxilində birinci şəxsin yalnız öz gələcək taleyini düşündüyü barədə fikirləri gündəmə gətirib, yaxın ətrafını da öz gələcəkləri barədə düşünməklə hakimiyyət arxasından qaçmağa təşviq etmək məqsədi də daşıya bilər".
Həmsöhbətimiz hesab edir ki, ABŞ bütün hallarda psixoloji savaş, dolayı təsir, təzyiq vasitələrilə Venesuelada hakimiyyət dəyişikliyinə çalışacaq:
"Maduro isə bu fonda uzun müddət dirəniş göstərmək resurslarına malik deyil. Ona görə də belə bir bazarlığın müzakirə masasında olması da mümkündür".
Qeyd edək ki, "The Telegraph” nəşrinin məlumatına görə, Venesuela Prezidenti Nikolas Maduro könüllü şəkildə istefaya getməyə hazır olduğu barədə ABŞ Prezidenti Donald Trampa müraciət edib. Əvəzində isə 200 milyon dollarlıq şəxsi sərvətinin özündə saxlanılması və siyasi sığınacaq verilməsini xahiş edib. Nəşrin məlumatına görə, Maduro bu fonda həmçinin öz yaxın tərəfdaşlarına da amnistiya istəyib.
Rüfət Sultan
Şərhlər