Xəbər lenti

Terrorçudan olan uşağını özü ilə götürdü, digərini evdə qoyub getdi
Dünya12:45 29.07.2017

Terrorçudan olan uşağını özü ilə götürdü, digərini evdə qoyub getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nigeriyada radikal islamçı "Boko Haram" təşkilatı tərəfindən 2014-cü ildə qaçırılan Çiboklu qızlardan 82-si sərbəst buraxıldıqdan sonra bəziləri evlərinə getməkdən imtin edib.

"Qaynarinfo" BBC-yə istinadən xəbər verir ki, gənc qızların onları əsir götürən terrorçuların yanına qayıtmaq istəməsi bütün dünyanın marağını cəlb edib. "Boko Haram"ın əllərində kalaşnikov olan, həyatlarından razı olduqlarını söyləyən bu qadınlarla bağlı paylaşdığı video da çoxlarına inandırıcı görünməyib. Bəziləri bunu Stokholm sindromu (əsir götürülən şəxsin onu əsir saxlayan şəxslə danışdıqdan sonra ona pərəstiş etməsi) ilə əlaqələndirirlər.

Afrikalı jurnalist Adaibo Trika Nvaubani də məktublarında Nigeriya ordusu tərəfindən xilas edilən bəzi qızların Sambisa meşəsindəki "Boko Haram" düşərgələrinə, ərlərinin yanına qayıtmaq istədiklərini qeyd edib:

"Yanvar ayında təşkilat tərəfindən girov götürülən 25 yaşlı Ayşə Yerima ilə tanış oldum. Əsirlikdə olarkən "Boko Haram" komandirlərindən biri ilə ailə quran Ayşə Sambisa meşəsindəki həyatının "pəri nağılı" kimi olduğunu deyirdi. Lakin 2016-cı ilin əvvəllərində Nigeriya ordusunun gəlişindən sonra əri təşkilatın digər üzvləri ilə birgə vuruşmağa gedir. Ayşə ilə ilk söhbətimiz zamanı o, hökumətin nəzarəti altında olan 8 aylıq "radikal fikirlərdən təmizlənmə" proqramını bitirmişdi. Proqramı Fatma Akilu adlı bir psixoloq aparırdı.

Ayşə o vaxt mənə "Boko Haram"ın bizə dediklərinin yalan olduğunu indi başa düşürəm. Radioda onları dinləyəndə gülürəm" demişdi. Lakin Maiduquri şəhərindəki ailəsinin yanına yerləşdirildikdən 5 ay sonra "Boko Haram"ın meşədəki düşərgəsinə qayıdıb".

Gücün itirilməsi

Psixoloq Fatma Akilu "Boko Haram"ın keçmiş üzvləri, liderləri və uşaqları ilə 5 ildən artıqdır çalışır, təşkilatın əsarətindən qurtulan qadınlara dəstək verir. Akilunun sözlərinə görə, qadınlarla necə rəftar edildiyi onların əsir saxlanıldığı düşərgənin başında kimin olmasından asılı olaraq dəyişirdi. Daha yaxşı münasibət görən qızlar təşkilat üzvləri ilə evlənib onlara qatılırdı, ancaq çoxluq etibarilə vəziyyət belə olmur, əksəriyyəti pis rəftarla qarşılaşırdılar. Ayşə ilə danışanda ona orada yaxşı rəftar edildiyindən, hörmət göstərildiyindən, ərinin onun üzərində böyük haqqı olduğundan bəhs edirdi. Hətta bir dəfə əri ilə birgə döyüşə də qatıldığını söyləmişdi.

Psixoloq bu qadınların əksəriyyətinin daha öncə heç yerdə çalışmadıqlarını və cəmiyyət içərisində söz haqqlarının olmadıqlarını, indiyə kimi heç nəyə etiraz etmədiklərini bildirib. Bu səbəbdən meşədə olarkən idarəçilik onların əlində idi və hər kəs onların əmrinə tabe olurdu. Cəmiyyət həyatına daxil olduqdan sonra isə bu güc avtomatik olaraq əllərindən çıxırdı və özlərini tapa bilmədiklərindən nə edəcəklərini də bilmirdilər.

Cəmiyyətdən təcridolunma qorxusu

"Gücün itirilməsi səbəblərdən sadəcə biri ola bilər. Bu qadınlar "Boko Haram" militanları ilə əlaqələdə olduqlarından cəmiyyətdən təcridolunma qorxusu yaşayırlar. Cəmiyyət həyatına yenidən inteqrasiya olmağın çətinliyi, həmçinin maddi sıxıntılar onları meşəyə qayıtmağa vadar edən səbəblərdəndir", - deyə Akilu bildirib.

Jurnalist Adaibo Trika Nvaubani Ayşənin ailəsi ilə də danışıb.

Onlar qızları üçün narahatdır. Sambisa meşəsinə qayıdan digər qızların ailələri də onların qapısını döyərək Ayşənin onlardan xəbərdar olub-olmadığını soruşurlar. "Boko Haram"a qayıdan digər qadınlar Ayşə ilə evinə qayıtdıqdan sonra da əlaqə saxlayırdılar. Ayşənin bacısı Bintu bu danışıqlardan ikisinə şahid olduğunu söyləyib. O, həmin qadınların bacısına geri dönməyi təklif etdiklərini, lakin onun hər dəfə onlara rədd cavabı verdiyini deyib. Digər bir tərəfdən Ayşənin vəziyyəti də digərlərindən fərqli olub.

Ailəsinin sözlərinə görə, Ayşə sərbəst buraxıldıqdan sonra həyata yenidən öyrəşməyə başlamışdı:

"Parça satır, arabir çıxıb gəzir, sosial şəbəkələrə foto paylaşırdı. Anası ən az 5 nəfərin onunla evlənmək istədiyini deyirdi. Amma bir gün Ayşə "Boko Haram"dan qayıdan qadınlardan birindən təşkilatdakı ərinin başqa bir qadınla birlikdə olduğunu öyrənir. Bundan sonra daim fikir edir, bir küncə qısılır, yemək yemir, danışmır və çox zaman da kədərli olur. Həmin hadisədən 2 həftə sonra evdən çıxır və bir daha geri qayıtmır. Yanında Sambisa meşəsindəki ərindən olan 2 yaşlı körpəsini də götürür, amma qaçırılmamışdan əvvəlki ərindən olan uşağını evdə qoyur".

Çingiz

Qaynarinfo.Az