"Prosesin sürətlə gedəcəyini düşünmürəm. Bu səbəbdən tez bir zamanda nəticə olacağını da gözləmirəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında baş tutan növbəti telefon danışığının nəticələrini şərh edərkən deyib:
"Bu, mümkün olan deyil. Məsələnin tam nəticə əldə edilməsi üçün bəlkə də illər lazım gələcək. Təcrübə göstərir ki, xüsusən də postkonflikt şəraitində olan ölkələr üçün bir çox mövzular prinsipial xarakter daşıyır. O, baxımdan da prosesin sonuna çatmaq bir neçə il çəkəcək.
T. Zülfüqarov tərəflərin razılığa gəldiyi Birgə Sərhəd Kommisiyasının içtirakçılarının parametrləri məsələsinə də aydınlıq gətirib:
"Birgə Sərhəd Kommisiyasının içtirakçılarının parametrləri deyiləndə burada prosesdə iştirak edəcək sərhədçilər, hərbçilər, dövlət əmlak komitəsi, torpaq sahələrinə nəzarəti təmin edən qurumlar, yerli hakimiyyət orqanları və s. ənənəvi şəkildə məsul olan qurumların nümayəndələri nəzərdə tutulur. Bu, ənənəvi bir yanaşmadır. Təbii ki, burada Xarici İşlər Nazirliyinin təmsilçiliyi əsas yer tutur. Adətən, bu iş xarici işlər nazirinin müavininə həvalə edilir. Ona görə də Azərbaycan tərəfindən bu məsələ ilə XİN nazirinin müavini Xələf Xələfov məşğuldur”.
Həmdöhbətimiz hesab edir ki, Birgə Sərhəd Kommisiyasının humanitar məsələlərlə bağlı müzakirələri fonunda hansısa mərhələdə kompensasiya mövzusu da gündəmə gələcək:
"Bu mütləq şəkildə öz həllini tapan bir mövzudur. İşğal dövründə Azərbaycan dövləti və vətəndaşlarına külli miqdarda ziyan dəyib. Ona görə bu mövzunun da diqqət mərkəzində saxlanılması vacibdir”.
Rüfət Sultan