ABŞ prezidenti Donald Tramp yarımkeçirici istehsalının yenidən ölkəyə qaytarılması məqsədilə "Intel” şirkətinə dəstək verdiklərini və bunun qarşılığında əldə edilən 10 faizlik dövlət payının dəyərinin 60 milyard dolları keçdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Tramp keçmiş administrasiyaları yarımkeçirici istehsal gücünü Tayvan kimi ölkələrə itirməkdə ittiham edib. O, ABŞ-ın dizayn sahəsində liderliyini qoruduğunu, lakin istehsalın xaricə getdiyini bildirib və bu vəziyyətin dəyişdirilməsinin prioritet olduğunu vurğulayıb.
Trampın sözlərinə görə, "Intel”ə verilən dəstək ABŞ-ın yarımkeçirici istehsalını ölkə daxilində gücləndirməyə yönəlmiş strategiyanın əsas hissəsidir.
Nəhəng şirkətlərlə əməkdaşlıq iddiası
Tramp texnologiya nəhənglərinin "Intel” ilə genişmiqyaslı əməkdaşlıqlara getdiyini iddia edib. Onun sözlərinə görə, "Nvidia” yüksək səviyyəli çiplərinin istehsalını "Intel” ilə birlikdə həyata keçirməyə razılaşıb, "Apple” isə çip dizaynı və istehsalını ABŞ daxilində "Intel” vasitəsilə reallaşdıracaq.
O həmçinin İlon Maskın "Intel” komandası ilə birlikdə "TerraFab” adlı, "dünyanın ən böyük çip fabriki” kimi təqdim edilən layihəni qurmağa və inkişaf etdirməyə razı olduğunu bildirib.
9 ayda böyük dəyər artımı
Trampın açıqlamasına görə, dövlətin 10 faizlik payı alınan zaman "Intel” təxminən 100 milyard dollar dəyərində olub. Lakin 9 ay ərzində şirkətin bazar dəyərinin 600 milyard dolları keçdiyi iddia edilib.
Bu artımın nəticəsində dövlət payının dəyərinin 60 milyard dolları aşdığı, bunun isə ABŞ üçün ciddi maliyyə qazancı olduğu qeyd edilib.
Aydın
Şərhlər