Ukrayna prezidenti Volodimir Zelenski və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bu gün, sentyabrın 27-də görüşəcək. Görüş Nyu Yorkda baş tutacaq.
Bu barədə Qaynarinfo "NBC News”
nəşrinə və "Amerikanın səsi”nin müxbiri Mixail Komadovskinin X hesabına istinadən xəbər verir.
Trampın mətbuat konfransı zamanı verdiyi məlumata görə, görüş Nyu Yorkdakı "Trump Tower” göydələnində baş tutacaq.
Görüş yerli vaxtla saat 9:45-ə (Bakı vaxtı ilə 17:45) planlaşdırılıb.
Jurnalist cümə axşamı ABŞ-ın keçmiş prezidentinin Zelenski ilə bu görüşlə bağlı bəyanatını onlayn yayımlayıb.
Trampın sözlərinə görə, görüşlə bağlı təşəbbüs Ukrayna prezidenti tərəfindən göstərilib və o, bununla razılaşıb.
"Prezident Zelenski mənimlə görüşməyi xahiş edib, mən də onunla sabah səhər saat 9:45 radələrində "Trump Tower”də görüşəcəyəm”, – müxbir Trampın sözlərindən sitat gətirir.
Qeyd edək ki, daha əvvəl müşahidəçilər Tramp və bazar ertəsi günündən ABŞ-da rəsmi səfərdə olan Zelenski arasında görüş ehtimalına şübhə ilə yanaşıblar.
Belə ki, cümə axşamı görüşlər zamanı Ukrayna prezidenti artıq amerikalı həmkarı Co Baydenə və ABŞ-ın vitse-prezidenti və dövlət başçısı vəzifəsinə namizəd Kamala Harrisə Ukraynanın qələbə planını təqdim edib. Eyni zamanda, Zelenski daha əvvəl Trampa müvafiq planı göstərmək niyyətini dilə gətirib.
Nizami Bağırov
Şərhlər