"ABŞ-la Ermənistan arasında imzalanan bu sənəd ləğv oluna bilməz, sadəcə onun icraatı dayandırıla bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Donald Tramp adminstrasiyasının Co Bayden dövründə ABŞ-la Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişinə yenidən baxıb-baxmayacağına aydınlıq gətirərkən deyib.
"Belə hal baş verərsə, bu, birmənalı olaraq ABŞ-ın Ermənistana münasibəti demək olardı. Amerikanın geosiyasi, geoiqtisadi maraqları təmin olunmursa və burada ABŞ-a hər hansı bir fayda yoxdursa, sadəcə onun icraatı dayandırıla bilər", deyə Natiq Miri bildirib.
Ekspert qeyd edir ki, belə bir sənədi ləğv etmək əslində Tramp adminstrasiyası üçün elə də böyük problem deyil:
"Tramp spontan iş görür, əvvəl başı kəsir, sonra o haqda düşünür. Ona görə də Ermənistanla bağlanan strateji tərəfdaşlıq sənədinin ləğvindən deyil, ABŞ-ın strateji maraqlarına nə qədər uyğun olub-olmaması fonunda onun yalnız icraata qoyulması məsələsi gündəmə gələ bilər".
Natiq Miri deyir ki, Nikol Paşinyan Trampın Cənubi Qafqazda strateji baxımdan Azərbaycana "Stavka" edə biləcəyindən narahatdır:
"Paşinyan son Vaşinqton səfərində daha çox sülhdən dəm vuraraq, belə bir gündəmin ABŞ-ın xarici siyasətində prioritet olduğuna ümid etdiyini bildirib. Paşinyan hökuməti narahatdır ki, Tramp Cənubi Qafqazda özü üçün strateji ölkə olaraq Azərbaycanı seçə bilər. Onun Azərbaycanla sülh şəraitində yaşamağa hazır olduqları barədə səsləndirdiyi şüar dolayısı ilə onun həm də Azərbaycan vasitəsilə Tramp adminstrasiyası ilə münasibətlər sistemi qurmaq niyyətindən xəbər verir. Paşinyan düşünür ki, Trampın Cənubi Qafqaza münasibəti daha çox Türkiyə və Azərbaycandan yana olacaq. Çünki Tramp Türkiyənin regionda güclü ölkə olduğunu və onunla münasibətin strateji xarakter daşıdığını bəyan edib. Bu baxımdan, Paşinyan Vaşinqtonda dəfələrlə Azərbaycanla sülh əldə etməyin vacibliyindən danışdı".
Qeyd edək ki, "Stratfor” kəşfiyyat və analitik mərkəzinin Avrasiya məsələləri üzrə analitiki Metyu Orr Amerikanın yeni administrasiyasının əvvəlki administrasiyanın etdiklərinə şübhə ilə yanaşdığını əsas gətirərək, Tramp komandasının Ermənistan və ABŞ arasında imzalanmış sənədlə bağlı Amerikanın özü üçün geosiyasi faydalılığını yenidən nəzərdən keçirəcəyini bildirib:
"Yeni administrasiya İrana qarşı daha sərt davranır, Türkiyə və Azərbaycanı regionda İranı cilovlaya bilən ölkələr kimi görür. Ona görə də onlar üçün Azərbaycanla yaxşı münasibətlər saxlamaq çox vacibdir. Eyni zamanda, ABŞ Ermənistanla normal münasibətləri davam etdirəcək".
Rüfət Sultan
Şərhlər