ABŞ-ın keçmiş prezidenti Donald Tramp Mayami federal məhkəməsində keçmiş vəkili Maykl Koenə qarşı 500 milyon dollarlıq iddia qaldırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg məlumat
yayıb.
Bundan əvvəl Koen Donald Trampın adından məlumatları gizlətdiyini etiraf edib və bu, eks-prezidentə qarşı istintaq araşdırmasına səbəb olub.
Bloomberg-in məlumatına görə, Donald Tramp Maykl Koeni iş adamının şəxsi həyatı ilə bağlı məlumatların, o cümlədən onun üçün iş başa çatdıqdan sonra konfendiallıqla bağlı müqavilələri pozmaqda, yalan məlumatlar yaymaqda və 74 min dollar məbləğində biznes xərclərini təhrif etməkdə ittiham edir. Tramp həmçinin keçmiş vəkildən bu vəsaitləri geri qaytarmağı tələb edib.
Maykl Koen 2016-cı il ABŞ prezident seçkiləri öncəsi Donald Trampın vəkili olub. 2018-ci ildə Koen seçki ərəfəsində Trampın adından cinayətlər törətdiyini, o cümlədən porno aktrisa Stormi Danielsə susmaq müqabilində pul ödəməsini etiraf edib. O, üç il müddətinə azadlıqdan məhrum edilib.
Aprelin 4-də Manhetten məhkəməsi Donald Trampı sənədləri saxtalaşdırmaqda, o cümlədən Danielsə qanunsuz ödənişlə bağlı 34 maddə üzrə ittiham edib. Prokurorluq qeyd edir ki, saxtakarlığın son məqsədi Donald Trampın 2016-cı il seçkilərində qalib gəlməsinə mane ola biləcək məlumatları gizlətmək olub.
Nizami Bağırov