Ukrayna üçün nəzərdə tutulan "reparasiya krediti”nin taleyinin həll olunacağı Brüsseldəki mühüm sammit ərəfəsində Avropa liderləri ABŞ tərəfindən güclü və presedentsiz təzyiq altındadır.
Qaynarinfo "Politico”ya
istinadla yazır ki, Ukraynanın maliyyələşdirilməsi üçün dondurulmuş Rusiya aktivlərindən istifadə məsələsi Avropada yeni dünya nizamı və ABŞ-ın misli görünməmiş təzyiqi ilə necə davranmaq barədə dərin parçalanmanı üzə çıxarıb.
"Onlar bizi zəiflətmək istəyirlər”, – vəziyyətdən xəbərdar olan yüksək rütbəli Aİ rəsmisi nəşrə bildirib.
Nəşr qeyd edir ki, bu həftə Avropa Şurası iki əsas məsələni həll etməlidir. Birincisi, Ukraynanın maliyyələşdirilməsi ilə bağlı real nəticələr əldə olunmalıdır. Eyni zamanda, Avropa liderləri Ağ Evin bu məsələdə Aİ siyasətinə hər vasitə ilə müdaxilə cəhdlərindən İttifaqı qorumağa məcburdurlar.
Almaniya kansleri Fridrix Mers bildirib ki, əgər Aİ Ukraynanın maliyyələşdirilməsi barədə razılığa gələ bilməsə, İttifaq uzun illər ərzində ciddi şəkildə zəifləyəcək.
ABŞ-dan təzyiq
Nəşrə danışan, müzakirələrdə iştirak etmiş dörd Aİ nümayəndəsinin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın administrasiyasının rəsmiləri Avropa hökumətlərinə Ukraynanın maliyyələşdirilməsi üçün 210 milyard avro dəyərində dondurulmuş Rusiya aktivlərindən istifadə planını rədd etmələri üçün təzyiq göstəriblər.
"Oktyabrda Aİ liderləri Brüsseldə görüşəndə dondurulmuş vəsaitlərlə bağlı razılığa gələ bilmədilər, çünki Belçika buna qarşı çıxdı. İki ay sonra isə aydın oldu ki, Aİ-nin əsas problemi əslində Belçika yox, Trampdır”, – deyə "Politico” yazır.
Məsələ Belçikadadır
Bundan sonra Avropa Komissiyası və ən nüfuzlu paytaxtlar Ukraynaya "reparasiya krediti”nə razılıq verməsi üçün Belçikanın baş naziri Bart de Veveri razı salmağa çalışıblar. Onun mövqeyi həlledicidir, çünki dondurulmuş Rusiya aktivlərinin böyük hissəsi məhz Belçikada saxlanılır.
Nəşr bildirir ki, son bir həftə ərzində danışıqlar intensivləşib, Aİ Belçikaya təminatlar verməyə çalışıb. Lakin anonimlik şərti ilə danışan yüksək vəzifəli rəsmi deyib ki, razılaşma şansları artmaq əvəzinə azalıb.
"Demək olar, ağlamaq istəyirdim”, – o, Brüsseldə sammitə hazırlıq məqsədilə keçirilən Aİ işləri üzrə nazirlərin görüşündəki ab-havanı belə təsvir edib.
Ukraynaya təcili pul lazımdır
Nəşr vurğulayır ki, Ukrayna kəskin maliyyə çatışmazlığı ilə üzləşib: 2026-cı ildə ölkənin büdcə kəsiri 71,7 milyard avro təşkil edəcək.
"Əgər maliyyələşmə aprel ayına qədər başlamasa, dövlət xərclərini azaltmaq lazım gələcək ki, bu da ölkənin mənəvi durumunu və müdafiəni davam etdirmək qabiliyyətini zəiflədə bilər”, – "Politico” yazır.
Ağ Ev Ukraynanın maliyyələşdirilməsinə qarşı necə gizli işləyir?
ABŞ-ın təsir kampaniyası çərçivəsində Tramp administrasiyasının rəsmiləri Brüsseli kənarda qoyaraq Avropanın əsas paytaxtları ilə danışıqlar aparıblar. Bunun nəticəsində İtaliya, Bolqarıstan, Malta və Çexiya Ukraynanın maliyyələşdirilməsinə qarşı çıxan ölkələr qrupuna qoşulub.
Avropa rəsmilərinin fikrincə, bu prosesin iflası Aİ-nin qlobal mövqeyi üçün fəlakət olacaq. Xüsusilə də Tramp administrasiyasının Milli Təhlükəsizlik Strategiyasında avroskeptik qüvvələrə və açıq şəkildə keçmiş sovet respublikalarının suverenliyini şübhə altına alan Vladimir Putinə rəğbət ifadə edildiyi bir vaxtda.
"ABŞ artıq açıq şəkildə azad dünyanın lideri deyil”, – deyə Aİ-nin ən böyük siyasi ailəsi olan Avropa Xalq Partiyasının lideri Manfred Veber bildirib.
Onun sözlərinə görə, Tramp administrasiyası "bizdən uzaqlaşır”.
Ukrayna üçün nəticələr
Maliyyə baxımından tükənmiş Ukrayna danışıqlarda daha zəif mövqeyə düşəcək ki, bu da davamlı sülh əldə etmək şansını azaldacaq.
"Baş verəcək şey üçün uyğun söz belə tapa bilmirəm”, – Estoniyanın baş naziri Kristen Mixal Aİ-nin kreditlə bağlı razılığa gələ bilməməsi ehtimalını şərh edərkən bildirib.
O əlavə edib ki, Kiyev bilməlidir: "Avropa Ukraynanı nə olursa-olsun, dəstəkləyir və onlar pis razılaşmaya məcbur deyillər”.
Ağ Ev nə istəyir
Mətbuata sızdırılmış və Ağ Ev ilə Kreml tərəfindən hazırlandığı deyilən "sülh planı” layihəsinə əsasən, Vaşinqton dondurulmuş Rusiya vəsaitlərinin bir hissəsini Ukraynanın maliyyələşdirilməsi üçün özünün idarə etmək niyyətindədir. Halbuki "reparasiya krediti” Kiyevə pulların hara xərclənəcəyini özü müəyyənləşdirmək imkanı verəcəkdi.
Fransa isə ümumiyyətlə Avropanın Rusiya pulları hesabına silahlandırılmasını israrla təklif edir.
Bundan əlavə, Tramp Ukrayna prezidenti Volodimir Zelenskiyə təzyiq göstərərək Donbasda strateji əhəmiyyətə malik, güclü istehkamlarla möhkəmləndirilmiş və Kremlin nəzarətində olmayan geniş əraziləri Rusiyaya verməsini tələb edir.
Ağ Ev isə Brüsselin müdaxilə ilə bağlı ittihamlarını rədd edib.
"ABŞ-ın yeganə məqsədi sülhün bərqərar olunmasıdır. Həm ukraynalılar, həm də ruslar dondurulmuş aktivlərlə bağlı mövqelərini açıq şəkildə bildiriblər. Bizim yeganə vəzifəmiz dialoqa şərait yaratmaqdır ki, bu da sonda razılaşmaya gətirib çıxara bilər”, – deyə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib.
Aİ-nin hansı seçimi var
Aİ rəsmiləri getdikcə daha tez-tez "nüvə variantı”nı müzakirə edirlər: yəni "reparasiya krediti”ni ixtisaslı səs çoxluğu ilə qəbul etmək, başqa sözlə, bəzi ölkələrin etirazlarını nəzərə almadan irəliləmək. Lakin bəzi rəsmilər bunun onsuz da parçalanmış İttifaqı daha da böhrana sürükləyəcəyini deyirlər.
Alternativ variant kimi bəzi ölkələrin Ukraynaya məhdud ikitərəfli kreditlər verməsi də nəzərdən keçirilir.
"Belçikanın razılaşmada iştirak etməsi vacibdir, amma görək necə olacaq”, – Latviya baş naziri Evika Silinya "Politico”ya bildirib. "Əgər bu [ixtisaslı səs çoxluğu] yeganə variantdırsa, niyə də olmasın?”
Ukrayna üçün reparasiya krediti: nə məlumdur
Aİ uzun müddətdir ki, Ukraynaya dondurulmuş Rusiya aktivləri hesabına kredit ayrılması barədə razılığa gəlməyə çalışır. Bu ideyaya ən kəskin şəkildə Belçika qarşı çıxır, çünki Rusiya vəsaitlərinin böyük hissəsi məhz orada saxlanılır. Belçika hakimiyyəti Kreml tərəfindən mümkün təzyiqlərdən ehtiyat edir və bu pulların Ukraynaya verilməsinə görə məsuliyyət daşımaqdan çəkinir.
Ekspertlər Ukrayna üçün reparasiya kreditinin verilməsini kifayət qədər real hesab edirlər. Media məlumatlarına görə, Avropa Komissiyası milli hökumətlərə təzyiq göstərəcək ki, Ukraynanın maliyyələşdirilməsi Rusiya hesabına həyata keçirilsin və bu yük Aİ ölkələrinin öz üzərinə düşməsin.
Alpər
Şərhlər