Xəbər lenti

Tramp hekayəsi bitir? - Sabiq prezidentlə media maqnatının dostluğu sona çatdı
Dünya16:45 11.11.2022

Tramp hekayəsi bitir? - Sabiq prezidentlə media maqnatının dostluğu sona çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İndiyənədək ABŞ-ın keçmiş prezidenti Donald Trampı hər zaman dəstəkləyən media maqnatı Rupert Merdokun ("Fox News", "New York Post", "The Wall Street Journal" və s.) nəzarətində olan kütləvi informasiya vasitələri bu dəfə ona qarşı hücuma keçib, respublikaçılar üçün çox da uğurlu olmayan aralıq seçkilərin nəticələrinə görə sabiq ölkə başçısını günahlandırıblar. Bu, dünyanın aparıcı KİV-lərinin diqqətindən yayınmayıb. 
Qaynarinfo xəbər verir ki, "Financial Times” eks-prezidentlə media maqnatı arasında aralıq seçkilərin nəticələri ilə bağlı ciddi mübahisə yarandığı barədə yazıb.
Belə ki, "The Wall Street Journal” "Respublikaçılar Partiyasında ən çox itirən Tramp olub” başlıqlı məqaləsində eks-prezidentin "2018, 2020, 2021 və 2022-ci illərdə uğursuzluğa düçar olduğunu” qeyd edib.
Öz növbəsində, "New York Post”  Trampı uşaq şerinin qəhrəmanı "Hampti Dampti” kimi təsvir edib (həmin şerdə qəhrəman "yuxusunda yerə yıxılır" və "bütün kral süvariləri və bütün kral adamları" onu toplaya bilmir). Qəzetin köşə yazarı Trampı seçkiləri "sabotaj etməkdə” ittiham edib. 
Nəhayət, hətta ABŞ-ın keçmiş prezidentinin az qala ev kanalı sayılan "Fox News” da öz saytında respublikaçıların Trampa qarşı bütün iddialarını və ondan uzaqlaşıb irəli getmək çağırışlarını toplayan material dərc edib.
Trampın cavabı özünü çox gözlətməyib. O, Rupert Merdoku və onun "News Corp”unu 2024-cü ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi üçün onun əsas potensial rəqibi Florida qubernatoru Ron DeSantisi dəstəkləməkdə ittiham edib: "Fox", "The Wall Street Journal" və artıq böyük olmayan "New York Post" olan "NewsCorp"… hamısı çox yaxşı piarı olan orta statistik respublikaçı qubernator Ron DeSantis (Tramp qubernatoru həmişə "Desanctimonious” adlandırır – red.) üçün oynayır.”
"News Corp”a daxil olan media həqiqətən Ron DeSantis haqqında son dərəcə müsbət fikirdədir və "New York Post” onu hətta ABŞ-ın gələcək prezidenti adlandırır.
"News Corp”un keçmiş əməkdaşlarindan biri FT-yə verdiyi müsahibədə qeyd edir ki, bu, həqiqətən də Merdokun keçmiş ABŞ prezidentin dəstəyindən Florida qubernatorunu dəstəkləməyə açıq keçidini göstərə bilər.
"Rupert siyasi qalibləri seçməyi sevir və o, bunu yaxşı bacarır”, deyə əməkdaş bildirib.
Ancaq bəzilərinin fikrincə, Trampla Merdok arasında əsl dostluq olmayıb, sadəcə "sərfəli oyun” olub. İddialara görə, media maqnatın Trampdan heç vaxt xoşu gəlməyib. Hər halda, "The New York Times” qəzetinin yazdığına görə, İvanka Trampın təşkil etdiyi birgə şam yeməyi zamanı ABŞ-ın gələcək prezidenti namizədliyini irəli sürmək niyyətini açıqlayanda, cənab Merdok "başını şorbasından belə ayırmayıb”. 
Daha sonra amerikalı jurnalist Maykl Volf "Od və qəzəb: Tramp Ağ Evinin içində” adlı kitabında yazır ki, 2016-cı ildə Trampın seçkilərdə qələbəsindən sonra onunla söhbətində cənab Merdok prezidenti"başı qaçmış axmaq” adlandırıb.  
Nizami Bağırov