ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdəki iki müttəfiq – İsrail və Səudiyyə Ərəbistanının bir neçə həftə davam edən səylərindən sonra İrana qarşı genişmiqyaslı hücuma başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post" öz mənbələrinə istinadən yazır.
Dörd mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman son bir ay ərzində Trampa dəfələrlə şəxsi telefonları vasitəsilə zəng edərək ABŞ-ın hücum etməsinin tərəfdarı olduğunu bildirib. Bu arada İsrailin baş naziri Benyamin Netanyahu ABŞ zərbələrinin endirilməsi ilə bağlı uzunmüddətli ictimai kampaniyasını davam etdirib.
Mənbələrin bildirdiyinə görə, Səudiyyə lideri amerikalı rəsmilərlə danışıqlar zamanı xəbərdarlıq edib ki, ABŞ indi zərbə endirməsə, İran daha güclü və daha təhlükəli olacaq.
Məhəmmədin mövqeyini onun qardaşı, Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman da dəstəkləyib. O, yanvar ayında Vaşinqtonda amerikalı rəsmilərlə qapalı görüşlər keçirərək hücumdan imtinanın mənfi nəticələri barədə xəbərdarlıq edib.
Bu birgə səylər Trampı İran rəhbərliyinə və ordusuna qarşı genişmiqyaslı hava kampaniyasına göstəriş verməyə sövq edib. Hücumun ilk saatında İranın ali rəhbəri Əli Xamenei və bir neçə yüksək vəzifəli iranlı məmur həlak olub.
Nəşr qeyd edir ki, hücum ABŞ kəşfiyyatının İran qüvvələrinin yaxın onillikdə ABŞ materik hissəsi üçün birbaşa təhlükə yaratması ehtimalının az olması barədə qiymətləndirməsinə baxmayaraq həyata keçirilib. Bu əməliyyat ABŞ-ın 90 milyondan çox əhalisi olan bir ölkədə rejimin devrilməsinə yönəlmiş genişmiqyaslı səylərdən uzun illərboyu çəkinməsi praktikasından geri çəkilmə kimi qiymətləndirilir. Bu, həmçinin Trampın əvvəlki, daha məhdudmiqyaslı hərbi əməliyyatları ilə müqayisədə kəskin dönüş hesab olunur.
Birbaşa təhlükə olubmu?
Şənbə günü Tramp bəyan edib ki, ABŞ "İran rejimi tərəfindən qaçılmaz təhlükə” ilə üz-üzədir. Onun sözlərinə görə, Tehran nüvə silahının yaradılması üzərində işi davam etdirib və "tezliklə ABŞ ərazisinə çata biləcək uzaqmənzilli raketlər” hazırlayıb.
Lakin bu iddiaların hər ikisi mübahisəlidir. Tramp özü ötən yay endirilən hava zərbələri ilə ABŞ-ın İranın nüvə proqramını "məhv etdiyini” qəti şəkildə bəyan etmişdi. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bildirib ki, İranın həmin zərbələrdən sonra uranın zənginləşdirilməsi proqramını bərpa etməsinə və ya aktiv şəkildə bomba hazırlamaq planına dair heç bir sübut yoxdur.
Ötən il ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin qiymətləndirməsində də İranın qitələrarası ballistik raket hazırlığına başladığını göstərən heç bir əlamət qeyd edilməyib. İdarənin məlumatına görə, İran belə bir qərar versə belə, bunun üçün on il vaxt tələb olunar.
Qabaqlayıcı zərbə
Çərşənbə axşamı keçirilən brifinqdə dövlət katibi Marko Rubio qanunvericilərə bildirib ki, missiyanın vaxtı və məqsədləri İsrailin ABŞ-ın iştirakı ilə və ya iştirakı olmadan hücuma hazırlaşması faktı ilə müəyyən edilib. Bu barədə mənbələrdən biri məlumat verib.
Mənbənin sözlərinə görə, əsas məsələ ABŞ-ın əməliyyata İsraillə birgə başlayacağı, yoxsa İranın regiondakı Amerika hərbi obyektlərinə cavab zərbəsi endirməsini gözləyərək daha sonra döyüşə qoşulacağı olub.
ABŞ-ın İrana qarşı əməliyyatı
Fevralın 28-də ABŞ 12 saat ərzində İrana qarşı təxminən 900 zərbə endirib. Hücumda İsrail də iştirak edib. Nəticədə İranın ali rəhbəri Əli Xamenei və onun bir neçə yaxın silahdaşı həlak olub.
Bununla yanaşı, Xameneinin ölümünə cavab olaraq İranın İslam İnqilabı Keşikçiləri Korpusu Amerika və İsrail bazalarına qarşı "tarixin ən sərt hücum əməliyyatını” həyata keçirəcəyinə söz verib.
Aydın
Şərhlər