Xəbər lenti

Tramp işğalçıya qırmızı xətləri göstərə biləcəkmi? (ŞƏRH)
Dünya 14:56 25.03.2025

Tramp işğalçıya qırmızı xətləri göstərə biləcəkmi? (ŞƏRH)

"Tramp nəhayət işğalçıya qırmızı xətləri göstərmək məcburiyyətində qalacaq”.

Qaynarinfo-ya açıqlamasında bunu konfliktoloq Üzeyir Şəfiyev Əl-Riyadda keçirilən növbəti ABŞ Rusiya danışıqlarını şərh edərkən deyib. 
Ü. Şəfiyev deyir ki, Əl-Riyadda baş tutan danışıqların çətin bir mühitdə keçəcəyi əvvəlcədən proqnozlaşdırılırdı: 

"Danışıqların keçirilmə forması və ona sərf olunan vaxtı qiymətləndirsək, onun gərgin və ağır psixoloji mühitdə keçirildiyi aydın şəkildə görünəcək. Danışıqlar 13 saata yaxın davam edib və bu fonda hansısa bir sənəd belə imzalanmayıb. Hətta birgə bəyanatı razılaşdırmaq məsələsində gərgin fikir dartışması olub. Bu danışıqlar dolayı danışıqlar olub. Tərəflərin fərqli yerlərdə, otaqlarda oturması, onların bir-birindən uzaq olduğunun göstəricisidir. Belə bir psixoloji mühitdə danışıqların səmərəliliyi ilə bağlı fikir söyləmək proqnozlaşdırılan deyildi”. 
 


Ekspertə görə, Moskva bilərəkdən ağır şərtlər irəli sürür ki, Ukraynanın daha içərilərinə doğru irəliləsin:

"Rusiya ambissiyalarından əl çəkmir, Ukraynanın ərazi bütövlüyünə qarşı yeni iddialarla çıxış edir. Moskva bilərəkdən belə ağır şərtlər irəli sürür ki, Ukraynanın daha içərisinə doğru irəliləsin. Belədə daha böyük ərazilər tutmaqla hazırda işğal etdiyi Luqansk, Donetsk, Xerson və Zaporejyeni barter etmək istəyir. Bu baxımdan Kreml ABŞ-ın sərgilədiyi mövqeyə də arxayındır. Hansı ki, bu mövqe Putinin əlinə işləyir”. 

Konfliktoloqun fikrincə, razılaşdırılmış bəyanatda Qara dənizin təhlükəsizliyi və enerji mənbələrinə zərbələrin endirilməməsi məsələsində növbəti razılıq əldə olun bilər:

"Amma bütövlükdə bu danışıqlarda heç bir sənəd imzalanmayacaq. Çünki sahədə atəşkəs yoxdur və onun əldə edilməsi mümkünsüzdür”. 

Ekspert qeyd edir ki, mövcud vəziyyətdə Tramp nəhayət Putinə təzyiq göstərməyə məcbur olacaq: 

"Ukrayna alternativ güc mərkəzlərilə də əlaqədardır. Avropa könüllü koalisiya yaradıb, Kiyevə dəstəyi artırmaq niyyətindədir. Bu isə ABŞ-ı Ukraynaya dəstəyi davam etdirməyə məcbur edəcək. Çünki o Ukraynanı itirməklə Avropanı da itirə bilər. Ona görə də Tramp işğalçıya qırmızı xətləri göstərmək məcburiyyətində qalacaq”. 

Ü. Şəfiyev düşünür ki, danışıqlar yalnız Rusiyanı ambissiyalarından çəkindirmək istiqamətində gedərsə, hansısa razılaşmadan söhbət gedə bilər:
"İndiki halda isə Kiyev haqlı olaraq masaya yatımlı olmayacaq. Bu səbəbdən son Əl-Riyad danışıqları da hələlik nəticəsiz başa çatıb”.

Həmsöhbətimiz güman edir ki, münaqişənin yeganə həll yolu Rusiya ilə Ukrayna arasında deyil, NATO ilə Moskva arasında razılaşmanın əldə olunmasından keçir:

"Rusiyanın bəhanəsini əlindən almaq üçün NATO Şərqə doğru genişlənməyəcəyi öhdəliyini götürməlidir. Əvəzində Rusiya da işğal etdiyi bütün əraziləri tərk etməlidir. Ancaq bu halda münaqişə bitəcək. İndiki halda isə atəşkəs çabaları yersizdir. Heç bir Ukrayna siyasətçisi indiki halda kapitulyasiyanı qəbul etməyəcək. 

Tramp əslində Ukraynanın itkisi hesabına sülhə nail olmaq istəyir. Belədə psixoloji olaraq Kiyevi məğlubiyyətə hazırlayırlar. Bu isə adekvat yanaşma deyil və dayanıqlı sülhə cavab vermir. Belə vəziyyət isə Kiyevi məcbur edir ki, digər güc mərkəzlərilə kordinasiyalı fəaliyyət göstərsin”. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının paytaxtı Əl-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında növbəti görüş baş tutub. Görüş gərgin şəraitdə keçib. Onun 13 saata yaxın davam etməsi belə deməyə əsas verir.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->