Xəbər lenti

Dünya 14:30 03.09.2025

"Tramp Ukrayna savaşında vasitəçilik rolundan imtina edə bilər" - Ekspert

"Trampın Putindən narazı qaldığını bildirməsi fonunda onun iki seçimi var. O, yaranmış durumda ya vasitəçilik rolundan imtina edə və müharibəni başlı-başına buraxa da bilər. Yaxud da Tramp Rusiyaya qarşı daha sərt sanksiyalara əl atacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putindən məyus olduğu barədə söylədiyi fikirlərini şərh edərkən deyib. 

"Trampın Putinin onu məyus etməsi barədə verdiyi bəyanatlar yeni deyil. Amerikanın Rusiya-Ukrayna müharibəsini həll etməyə çalışdığı zamandan bəri Tramp bir neçə dəfə Putin barədə xoş sözlər səsləndirib", deyə politoloq bildirib.

Ekspert qeyd edib ki, Tramp Putinlə sövdələşmənin alınmadığını bəyan edirsə, deməli artıq o da Rusiyanın danışıqlarda maraqlı olmadığını hiss etməyə başlayıb:

"Bu isə ilk növbədə Trampın müharibəni dayandırmaq səylərinin nəticə vermədiyi anlamına gəlir. ABŞ prezidenti Rusiya, eləcə də Ukrayna ilə münasibətdə yürütdüyü siyasəti dəyişmək məcburiyyətindədir".

Mövcud vəziyyətdə ekspert düşünür ki, Trampın iki seçimi qalır: 

"ABŞ prezidentinin Putindən narazı qaldığını bildirməsinin ardınca Vaşinqton yəqin ki, müəyyən addımlar atacaq. Tramp üçün bu istiqamətdə iki seçim var. O, yaranmış durumda vasitəçilik rolundan imtina edə və müharibəni başlı-başına buraxa da bilər. Digər tərəfdən, Tramp Rusiyaya qarşı daha sərt sanksiyalara əl ata da bilər. Rusiyaya və onunla ticarət aparan ölkələrə qarşı sanksiyanın tətbiqi mümkündür. Rusiyanın hazırda əsas ticarət tərəfdaşları Çin və Hindistandır. Vaşinqtonun həmin ölkələrə sanksiya tətbiqi onlarla da münasibətlərin kəskinləşməsinə gətirib çıxaracaq. Trampın da Putindən məyus olduğunu deməsilə yanaşı, Rusiya ilə ticarət aparan həmin iki ölkəyə də sanksiyaların tətbiqini yada salmaması məhz məsələnin ikinci tərəfilə bağlıdır. Çünki belə olan halda ABŞ Rusiya ilə yanaşı Çin və Hindistanla da münasibətləri kəskin şəkildə gərginləşə bilər. Hesab edirəm ki, məhz buna görə də Tramp hələlik Rusiyaya ikiqat sanksiyanın tətbiqilə bağlı söhbətləri yada salmır. 

Digər tərəfdən, sanksiyalar məsələsini qaldırmaması Trampın Putindən hələ də əlini üzməməsilə də bağlı ola bilər. Amma Rusiyaya verilən müddətin də bir sonu var. Trampın səbr kasasının dolmasının da artıq vaxtıdır. Ona görə yaxın zamanlarda o, hansısa bir konkret qərar verməlidir. Moskva sözə baxmasa, yaxın 20 gün ərzində Tramp müəyyən qərarlar verə bilər". 
 


Qeyd edək ki, sentyabrın 1-də Rusiyaya verdiyi 2 həftəlik möhlətin bitməsindən sonra ABŞ prezidenti Donald Tramp ilk dəfə dünən Ukrayna məsələsinə toxunaraq müəyyən bəynatlarla çıxış edib. Bəyanatında Tramp Putindən çox məyus olduğunu söyləyib. Bu əsasda o, bildirib ki, Alyaskadakı sammitin gözləntiləri özünü doğrultmasa Vaşinqton özünün Rusiyaya münasibətdə mövqeyinə yenidən baxa bilər: "Mənim Alyaskada Putinlə çox yaxşı görüşüm oldu. Görək o, nəyəsə gətirib çıxaracaqmı. Əks halda, fərqli mövqe tutacağıq". Amma Tramp fərqli mövqeyinin nədən ibarət olacağını açıqlamayıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->