Xəbər lenti

Trampa qarşı sui-qəsd cəhdində şübhəli məqamlar: Şou və ya Ukrayna izi?
Dünya 13:50 16.09.2024

Trampa qarşı sui-qəsd cəhdində şübhəli məqamlar: Şou və ya Ukrayna izi?

"Kamala Harrisin tərəfdarları hadisəni Trampın özü və ətrafının hazırladığı şou kimi qiymətləndirə bilərlər".

Bunu Qaynarinfo-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı edilən növbəti sui-qəsd cəhdində şübhəli məqamlarla bağlı danışarkən deyib.

"Xatırlayırsınızsa, iyulun 13-də Trampa qarşı ilk sui-qəsd təşkil olunmuşdu. O zaman ABŞ-ın Federal Təhlükəsizlik Bürosu hadisəni Trampa sui-qəsd cəhdi kimi qiymətləndirdi. Həmin dövrdə təhlükəsizlik xidməti orqanları Trampa atəş açan 20 yaşlı gənci zərərasizləşdirmişdilər. Bu dəfə də Trampa məxsus qolf meydançasının yaxınlığında silahlı şəxsin olması müəyyən edilib və o da zərərsizləşdirilib. Federal Təhlükəsizlik Bürosu bu dəfə də hadisəni sui-qəsd cəhdi kimi qiymətləndirib. Birinci sui-qəsd cəhdindən sonra Trampın reytinqinin yüksəldiyinin şahidi olduq. Lakin o zaman Trampın rəqibi hazırkı prezident Co Bayden idi. Bayden teledebatda uğursuzluğu fonunda marafondan çıxdı və demokratlar onu vitse-prezident Kamala Harrislə əvəzlədilər. Hesab edirəm ki, Trampa edilən ilk sui-qəsd cəhdinin də bu məsələdə xüsusi rolu olub. Çünki həmin hadisədən sonra Trampın reytinqi xeyli yüksəldi", deyə Arzuxan Əlizadə bildirib. 
 


Ekspertə görə, ikinci sui-qəsd cəhdi də ola bilsin Trampın reytinqinin artırılmasına hesablanmış növbəti addımdır:

"Fərq yalnız ondadır ki, bu dəfə o, Baydenə qarşı deyil, Harrisə qarşı mübarizə aparır. Bu dəfə də belə versiyalar gündəmə gələcək. İkinci sui-qəsd cəhdini də bəziləri Trampın növbəti reytinq artımı kimi dəyərləndirməyə başlayıblar. O mənada Kamala Harrisin tərəfdarları hadisəni Trampın özü və ətrafının hazırladığı şou kimi də qiymətləndirə bilərlər".

Qeyd edək ki, ötən günü Floridada Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa qarşı növbəti sui-qəsdə cəhd edilib. Sui-qəsd cəhdində şübhəli bilinən şəxs isə Rayan Uesli Rutdur. Bu haqda "Fox News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Əldə olunan məlumata görə, Rut silahın lüləsini Palm Biçdə (Florida) yerləşən Tramp Beynəlxalq Qolf Klubunun hasarından keçirib. Şübhəli şəxs Amerika administrasiyasının keçmiş rəhbərindən 270-450 metr aralıda olub.

"The New York Post" isə Rayan Uesli Rutun əvvəllər Ukraynaya səfər edərək Kiyev hakimiyyətinə dəstək verdiyini yazıb.

Nəşr qeyd edir ki, Rut Əfqanıstandakı münaqişənin amerikalı veteranlarının Ukraynaya göndərilməsi ideyasını irəli sürməyə çalışıb, həm də şəxsən Kiyevin tərəfində döyüşmək arzusunu ifadə edib.

MSN News xəbər portalı isə yazıb ki, təsdiqlənməmiş məlumatlara görə, Rut Ukrayna üçün vəsaitin toplanmasında da iştirak edib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->