ABŞ-da vəhşi təbiətin qorunması ilə bağlı mübahisəli bir plan gündəmdədir. Donald Trampın xallı bayquşları qorumaq məqsədilə yüz minlərlə zolaqlı bayquşun məhv edilməsini nəzərdə tutan layihəsi tənqidlərə səbəb olub. Konqres üzvləri planın həm çox baha başa gələcəyini, həm də effektiv olmayacağını bildirərək onun ləğvini tələb ediblər.
450 min bayquşun vurulması planı
Qaynarinfo xəbər verir ki, Oreqon ştatından bəzi Konqres üzvləri Tramp administrasiyasına müraciət edərək, növbəti 30 il ərzində 450.000 bayquşun öldürülməsini nəzərdə tutan planı dayandırmağı tələb ediblər. Plan yerli xallı bayquşların həyat sahəsini qorumaq məqsədilə zolaqlı bayquşları yox etməyi hədəfləyir.
Texaslı Respublikaçı Troy Nehls və kaliforniyalı Demokrat Sidney Kamlager-Dove daxil olmaqla 19 konqresmen layihənin çox baha başa gələcəyini bildirərək "Bu, büdcə üçün bir yükdür" deyiblər. Konqres üzvləri hər bir bayquşun vurulmasının 3.000 dollara başa gələcəyini və ümumi xərclərin 1,3 milyard dolları ötə biləcəyini hesablayıblar.
Hökumət 1990-cı illərdən bəri mübahisə predmetinə çevrilmiş xallı bayquşların qorunub-qorunmayacağı məsələsində elmi dəlillərin kifayət qədər olmadığını bildirir.
Tramp niyə zolaqlı bayquşları vurmaq istəyir?
Zolaqlı bayquşlar Şimali Amerikanın şərqinə xas bir növdür və 1970-ci illərdən etibarən Şimali Sakit Okean sahillərində yayılmağa başlayıb. Bu növ, xallı bayquşların yerini tutaraq onların yaşadıqları meşələri ələ keçirib. Federal rəsmilərə görə, hazırda 7.100 xallı bayquşun yaşadığı bölgədə təxminən 100.000 zolaqlı bayquş var.
ABŞ Balıq və Vəhşi Təbiət Xidməti plan çərçivəsində Kaliforniya, Oreqon və Vaşinqton ştatlarında 60.000 kvadrat kilometrlik bir ərazidə xüsusi təlim keçmiş atıcıların zolaqlı bayquşları hədəf alacağını açıqlayıb.
Planın dəqiq maliyyət hesabatı verilməsə də, Konqres üzvləri Kaliforniyada Hoopa Vadisi yerli amerikalılarının 1.500 bayquşun öldürülməsi üçün aldıqları maliyyə dəstəyinə əsaslanaraq ümumi xərclərin 1,3 milyard dolları keçə biləcəyini bildiriblər.
Konqres üzvləri planın "ABŞ vergi ödəyicilərinin pullarının səmərəsiz istifadəsi" olduğunu vurğulayaraq "Hökumət təbiətə müdaxilə edərək ekoloji problemləri yüksək xərclərlə həll etməyə çalışır" deyə tənqid ediblər.
İtlaf planı yaz aylarında başlayacaq
Sentyabr ayında təsdiqlənən plana əsasən, bu ilin yaz aylarında 2.400-dən çox zolaqlı bayquş öldürüləcək. Bu sayın 2027-ci ildən etibarən illik 15.500-ə qədər artırılması planlaşdırılır.
Alimlər illərdir zolaqlı bayquşların məhv edilməsini təcrübə edir və əldə edilən nəticələr bu üsulun xallı bayquşların sayını sabit saxlamağa kömək edə biləcəyini göstərir. 2009-cu ildən bəri Qərb sahillərində təxminən 4.500 zolaqlı bayquş vurulub.
Təbiəti qorumaq üçün bir növü məhv etmək
Mübahisəli plan təbiət mühafizəçilərini iki düşərgəyə ayırıb. Bəziləri zolaqlı bayquşların vurulmasının ekoloji tarazlığı qorumaq üçün vacib olduğunu, digərləri isə bunun etik və ekoloji baxımdan qəbuledilməz olduğunu iddia edir.
Bu cür hallara keçmişdə də rast gəlinib. Hökumət daha əvvəl Qərb sahillərində somon balıqlarını qorumaq üçün dəniz aslanlarını və qarabatakları məhv edib, eləcə də bəzi quş növlərini qorumaq məqsədilə digər quşların yumurtalarını yox edib.
Araşdırmaçılar bildirirlər ki, zolaqlı bayquşların yox edilməsi, indiyə qədər həyata keçirilən ən böyük yırtıcı quş itlafı proqramlarından biri olacaq.
Bu planın tətbiq edilib-edilməyəcəyi və Tramp administrasiyasının tənqidlərə necə cavab verəcəyi isə hələlik bəlli deyil.
Aydın
Şərhlər