"Trampın Qəzza üzrə 20 maddəlik planının gerçəkləşmək ehtimalı yox dərəcəsindədir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı deyib.
Ekspertin fikrincə, Trampın Qəzza ilə bağlı təqdim etdiyi planla bağlı optimist deyil:
"Təəssüf ki, optimist ola bilmirəm. Son anda HƏMAS-ın plana verdiyi cavab da göstərir ki, Trampın həmin planı gerçəkləşməyəcək və deməli, bölgəyə sülh gətirməyəcək".
Ekspert 3 günə girovlarla bağlı məsələnin həll olunacağını da inandırıcı hesab etmir:
"Üç gün ərzində bu məsələnin həll olunacağına inanmıram. 3 gün ərzində girovlar buraxılsa, deməli İsrail dayanacaq və dəyişilmə olacaq. Amma HƏMAS-ın son məlumata əsasən, Trampın planına müsbət yanaşmaması onu deməyə əsas verir ki, girovların azad edilməsi belə baş verməyəcək. Yəni burada əsas girovlarla bağlı bənddir. Prosesin sonrakı gedişatı onun necə həyata keçib-keçməyəcəyindən asılıdır. HƏMAS-ın təklifə münasibəti də göstərir ki, bu, baş verməyəcək və yerdə qalan digər planlar da həll olunmayacaq. Deməli, Trampın planı uğursuzluğa uğrayacaq".
Qeyd edək ki, Ağ Ev prezident Donald Trampın Qəzza üzrə sülh planını təqdim edib. Plan 20 bənddən ibarətdir. Bəndlərə əsasən, İsrail anklavı işğal etməyəcək və ya ilhaq etməyəcək.
Qəzza "radikallıqdan azad, terror olmadan” bir zona olacaq və qonşulara təhlükə yaratmayacaq. Həmçinin İsrail bu razılaşmanı ictimai şəkildə qəbul etdikdən sonra 72 saat ərzində bütün girovlar azad ediləcək. Ardınca İsrail ömürlük həbs cəzası alan 250 nəfəri və 2023-cü il 7 oktyabrdan sonra saxlanılan 1700 Qəzza sakininin azad olunmasını təmin edəcək.
Bu planı İsrail tərəfi qəbul edib. Sonda əldə edilən məlumata görə isə HƏMAS Trampın planını rədd edib. Hərəkatın rəhbərlərindən Mahmud Mərdavi bəyan edib ki, plan qeyri-müəyyəndir, zəmanəti yoxdur və Fələstin dövlətinin tanınması istiqamətindəki prosesi dayandırmaq məqsədi daşıyır.
Rüfət Sultan
Şərhlər