"Putin Çinə 25 nəfərlik geniş heyətlə getmək istəsə də, Pekin ondan savayı daha cəmi 5 nəfərin gəlişinə icazə verib”.
Qaynarinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Kamran Cəfərov Rusiya prezidenti Vladimir Putinin Çinə səfərini şərh edərkən deyib.
Ekspert bunu Çin tərəfindən Rusiyaya vurulmuş "diplomatik şillə" adlandırıb:
"Pekin Qış Olimpiya oyunlarının açılışı günündə Çin lideri Tsi Tsinpin Rusiya prezidenti Vladimir Putini qəbul edib. Rəsmi Moskva iki ölkə rəhbərləri arasında baş tutan bu danışıqları strateji adlandırıb.
Amma danışıq masası ətrafına oturmamış baş verən bəzi hadisələr Çin tərəfindən Rusiyaya vurulmuş sillə kimi görünür. Belə ki, Pekinə getməli olan Rusiya nümayəndə heyətinin say tərkibilə bağlı qalmaqal yaranıb. Rusiya Pekinə 25 nəfərdən ibarət heyətin getməsinə çalışıb. Çin tərəfi isə maksimum 5 (+Putin) nəfərlik heyətə razılıq verib. Bu isə Rusiyaya qarşı yönəlik çox ciddi diplomatik addımdır, diplomatik sillədir. Nəticə etibarı ilə Pekinə gedən nümayəndə heyəti Putinlə birlikdə cəmi 6 nəfərdən ibarət olub: Putin, Lavrov (XİN başçısı), Şulginov (Energetika naziri), Seçin ("Rosneft"in rəhbəri), Çernışenko(baş nazirin müavini), Uşakov(Putinin köməkçisi)".
Ekspert bildirir ki, bu addımla rəsmi Pekin danışıqların siyasi-diplomatik tonunu aşağı həddə müəyyən edib:
"Yəni, Kremldən fərqli olaraq Çin göstərmək istəyib ki, Moskva ilə heç bir ciddi strateji müttəfiqlikdən söhbət gedə bilməz. Halbuki, Moskva daha geniş heyətlə getmək və Pekinə səfəri daha möhtəşəm tonda təqdim etməklə, Qərblə kəskinləşməkdə davam edən mübarizədə Çin kimi nəhəng "müttəfiqin” məhz Rusiyanın yanında olduğu obrazını formalaşdırmağa çalışırdı.
Onu da qeyd edim ki, görüşdən 2 gün əvvəl danışıqlara "dostluq" tonu vermək üçün, Putin çinlilərə siyasi reverans edib. Söhbət Putinin "Sinxua" informasiya agentliyi üçün dərc etdiyi "Rusiya və Çin: gələcəyə yönəlmiş strateji tərəfdaşlıq" adlı məqalədən gedir. Məqalədə Putin Çin-Rusiya münasibətlərini "tarixi dostluq və tərəfdaşlıq" kimi qiymətləndirir. Bu cür qiymətləndirmə hətta Putin üçün riyakarlığın pik nöqtəsidir.
Amma göründüyü kimi, siyasi ton Çin tərəfindən dəyişdirilib”.
Rüfət Sultan