Xəbər lenti

Dünya 12:07 31.07.2025

"Türkiyə HƏMAS-ın bölgədən çıxmasında maraqlıdır" - Politoloq

"HƏMAS-ın çıxarılması təkcə İsrailin təhlükəsizliyi üçün deyil, ərəb ölkələrinin legitimlik və sabitlik maraqları üçün də zəruri hesab olunur". 

Bunu Qaynarinfo-ya açıqlamasında bunu konfliktoloq Azər Hüseynov bir sıra ərəb ölkələri və Türkiyənin HƏMAS-dan hakimiyyətdən getməsini tələb etmələrini şərh edərkən deyib.

"Münaqişənin ilk mərhələsində qeyd etmişdim ki, hətta Türkiyə belə HƏMAS-ın bölgədən çıxmasında maraqlıdır", deyə Azər Hüseynov qeyd edib.

Həmsöhbətimizin fikrincə, burada məqsəd, Qəzzada ya kollektiv idarəçiliyin qurulması, ya da bölgənin beynəlxalq nəzarətə verilməsidir: 

"Bu yanaşmanın əsas səbəblərindən biri, bölgədəki hərbi müqavimət strukturlarının, xüsusən də HƏMAS-ın, yaranmaqda olan yeni regional siyasi və iqtisadi konfiqurasiyalara maneçilik törətməsidir".



Ekspert qeyd edib ki, bu maneələr aradan qalxmasa, bölgə ölkələrinin tranzit, ticarət və strateji əməkdaşlıq imkanları ciddi risk altına düşəcək: 

"ABŞ, Türkiyə və bəzi ərəb ölkələrinin ortaq mövqeyi ondan ibarətdir ki, HƏMAS bölgədən çıxmalı, bölgəyə ya beynəlxalq nəzarət tətbiq olunmalı, ya da Fələstin Muxtariyyəti və ya daha legitim hesab olunan siyasi struktur nəzarəti ələ almalıdır. Sadəcə, Türkiyə bunu açıq demir. Xüsusilə Misir və Səudiyyə Ərəbistanı üçün HƏMAS-ın bölgədə qalması, həm onların daxili sabitliyinə, həm də regiondakı nüfuz planlarına təhdid hesab olunur. Misir HƏMAS-ı Qəzza zolağından gələn radikalizm dalğasının potensial mənbəyi kimi görür və onu nəzarət altında saxlamağa çalışır. Eyni şəkildə, Səudiyyə Ərəbistanı da daha çox FƏTH hərəkatı və Ərəb Liqası vasitəsilə bölgəyə siyasi nəzarət etməyə üstünlük verir".

Konfliktoloq bildirib ki, Qərb dövlətləri, ABŞ və Avropa İttifaqı da HƏMAS-ın varlığına uzunmüddətli stabilliyə və iqtisadi inkişaf imkanlarına qarşı əsas baryer kimi baxırlar:

"Onların düşüncəsinə görə, Qəzza zolağında HƏMAS-ın hərbi və ideoloji hökmranlığı davam etdikcə bölgədə diplomatik həll mümkün olmayacaq. Bunun əvəzinə, beynəlxalq nəzarətli bir administrativ model və ya mülki Fələstin rəhbərliyinə dəstək verilməklə həm Qərbin maraqları, həm də regional sabitlik təmin edilə bilər".

Konfliktoloq düşünür ki, belə bir fonda konsorsium formatında - ərəb ölkələri, Türkiyə, ABŞ, FƏTH hökuməti və İsrailin iştirakı ilə yeni bir siyasi düzən qurula bilər. 

Qeyd edək ki, bir sıra ərəb ölkələri, hətta Türkiyə HƏMAS-dan hakimiyyətdən getməyi tələb edib. Misir, Qətər, Səudiyyə Ərəbistanı və İordaniya HƏMAS-ın Qəzzadakı hakimiyyətdən əl çəkməsini və silahları Fələstin Muxtariyyətinə təhvil verməsini tələb edib.

Dörd ərəb ölkəsinin imzaladığı sənədə həmçinin Böyük Britaniya, Fransa, Kanada, Braziliya, İtaliya, İspaniya, Norveç və İrlandiya da dəstək verib. Bu sənəd Nyu Yorkda keçirilən konfransda qəbul edilib və sentyabra qədər BMT tərəfindən təsdiqlənməlidir. DPA agentliyinin məlumatına görə, o vaxta kimi digər ölkələr də ona qoşula bilər.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->