Xəbər lenti

Türkiyə Kandili bombaladı, PKK atəşkəsin bitdiyini elan etdi
Dünya05:14 25.07.2015

Türkiyə Kandili bombaladı, PKK atəşkəsin bitdiyini elan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Silahlı Qüvvələrinə aid (TSK) qırıcı təyyarələr Şimali İraqa daxil olaraq PKK terror təşkilatına aid hədəfləri bombardıman edib. Anspress-in yerli mətbuata istinadən verdiyi məlumata görə, Diyarbəkir 8-ci Əsas Hava Qırıcı Bazasından havaya qalxan 9 “F-16” qırıcıları yerli vaxtla saat 22.55-də (Bakı vaxtıyla 00.55) Çukurcadan sərhəddi keçərək İraq hava sahəsinə daxil olub. 
Şimali İraqda 5 bölgədə bombardıman edilən hədəflər arasında terror təşkilatına aid təlim mərkəzləri, sığınacaqlar və zenit batareyaları olub. Türkiyə qırıcıları Zap, Metina, Avaşin, Kandil və ətarfda olan geniş əraziyə bomba yağdırıb. Həmçinin Türkiyə qırıcılarının PKK terrorçularına aid 5 böyük düşərgəni vurduğu da bildirilir. 
Məlumatlar hərbi mənbələr tərəfindən doğrulansa da, hədəflər barədə məlumat verilməyib. 
PKK bombardımanla bağlı açıqlama yayıb. Terror təşkilatına yaxın xəbər mənbələri bildirib ki, təşkilat açıqlama yayaraq Türkiyə Silahlı Qüvvələrinin (TSK) sərhəddən kənar əməliyyatından sonra atəşkəsin hüquqi qüvvəsinin qalmadığını qeyd edib. 
“Xalq Müdafiə Mərkəzi qərargahımız tərəfindən atəşkəsin TC (Türkiyə Cümhuriyyəti) dövləti və ordusu tərəfindən tək tərəfli bitirildiyi açıqlanıb. 24 iyul gecəsi saat 23 radələrində işğalçı türk ordusuna aid çox sayda qırıcı təyyarə Mətbuat Müdafiə Sahələrimizdən başda Behdinan bölgəsi olmaqla intensiv bombardımana başlamışdır. Bomabrdıman fasiləsiz davam edərkən 25 iyul gecənin yarısı 01.00-dən etibarən də Kandil və Xakurkedə də intensiv bombardıman başlamışdır. Bu bombardımanla atəşkəsin hüquqi qüvvəsi qalmamışdır. Bu bombardımanların nəticəsi və bu əməliyyatlar barədə ətraflı məlumat ən yaxın zamanda xalqımıza və ictimaiyyətə məlumat veriləcək.” – deyə terror təşkilatının bəyanatında bildirilir. 
Qeyd edək ki, iyulun 20-də Şanlıurfanın Suruc rayonunda baş verən terror hadisəsini bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçirirdilər. Türkiyə hökuməti isə bu cür aksiyalara son verməsi üçün PKK və onun siyasi qolu HDP-yə ötən gecə son dəfə xəbərdarlıq etmişdi.
Xatırladaq ki, iyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Qaynar.info