Türkiyə Futbol Federasiyasının (TFF) Paraqvaya qarşı keçirilən dünya çempionatı matçının yenidən oynanılması ilə bağlı müraciəti cavabsız qalıb.
Qaynarinfo xəbər verir kiI, TFF qarşılaşma zamanı yaşanan maraqlı epizodu əsas gətirərək məsələni FIFA-nın diqqətinə çatdırıb.
Türkiyə mətbuatının məlumatına görə, oyunun 45-ci dəqiqəsində paraqvaylı futbolçu yerə düşən hakim saatını götürərək öz qoluna taxıb. Federasiya hesab edib ki, bu hadisə hakimin nüfuzuna xələl gətirə və oyunun idarə olunmasına təsir göstərə bilər.
FIFA-nın qaydalarına əsasən, hakimin fəaliyyətinə mane olan və ya matçın normal gedişinə təsir edən hallar müəyyən şərtlər daxilində qarşılaşmanın təkrar keçirilməsi üçün əsas sayıla bilər. Bu səbəbdən TFF məsələ ilə bağlı rəsmi müraciət ünvanlayaraq oyunun yenidən keçirilməsini istəyib.
Lakin FIFA-nın federasiyaya göndərdiyi cavabda bildirilib ki, hadisə hakimin öz vəzifəsini yerinə yetirə bilmədiyini və ya ciddi səhvə yol verdiyini göstərmir. Qurum həmçinin vurğulayıb ki, hakimin ehtiyat saatının olması oyunun idarə olunması ilə bağlı hər hansı şübhəni aradan qaldırır:
"Təlimatlar açıqdır. Fikirlərinizdə və müəyyən etdiyiniz məqamlarda haqlılıq payı var. Lakin bu hadisə hakimin öz vəzifəsini yerinə yetirə bilmədiyini və ya ciddi zəiflik nümayiş etdirdiyini göstərmir. Hakimin ikinci bir saatının olması bu vəziyyətdə hər hansı şübhə ehtimalını aradan qaldırır".
Beləliklə, Türkiyənin etirazı qəbul edilməyib və Paraqvaya qarşı matçın nəticəsi qüvvədə saxlanılıb.
Xatırladaq ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunda Paraqvaya 0:1, Avstraliyaya isə 0:2 hesabı ilə məğlub olaraq turnirlə qrup mərhələsində vidalaşıb.
Şərhlər