Uzun müddətdir ki, davam edən Rusiya-Ukrayna müharibəsində sülhə nail olmaq müşkülə çevrilib. Qərb mediasının yazdığına görə, iki ölkə liderini danışıqlar masasında əyləşdirə biləcək yeganə siyasi xadim Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır. Belə ki, Rusiya mətbuatı vurğulayır ki, Vladimir Putinlə bu ay üçün görüşməyi planlaşdıran Ərdoğan Ukrayna ilə sülh danışıqlarının bərpasını təklif edəcək. Qərb isə Ukrayna savaşının davam etməsində maraqlıdır.
Bəs, Türkiyə Rusiya ilə Ukrayna arasında sülh yarada bilərmi?
Qaynarinfo-ya danışan politoloq Sədrəddin Soltan bildirb ki, sülhün bağlanması üçün həm Rusiyanın, həm də Ukraynanın özünəməxsus şərtləri var.
"Kiyev ölkənin ərazi bütövlüyünün təmin olunması, ərazi bütövlüyünə və suverenliyinə beynəlxalq təhlükəsizliyinin verilməsi, Rusiya qoşunun ölkə ərazisindən çıxarılması, müharibədə Ukraynaya dəyən ziyanın ödənilməsini istəyir. Rusiya isə ilhaq etdiyi ərazilərdən çıxmaq barədə təkliflərə razılıq verməyib. Ona görə də istər Səudiyyə Ərəbistanının müharibənin dayandırılması ilə bağlı cəhdləri, istər Türkiyənin sülhün bağlanması ilə bağlı cəhdləri çətin ki, baş tutar. Çünki nə Ukrayna, nə də Rusiya öz şərtlərindən geri addım atmaq istəmir.Türkiyə Ukrayna ilə Rusiya arasında daha çox humanitar məsələlərə vasitəçilik edə bilər. Məsələn, onlardan biri "taxıl sazişi”nin bərpasıdır, əsirlərin, yaralıların dəyişdirilməsidir, müxtəlif humanitar yönlü məsələlərə yardım edə bilərlər. Amma fundamental məsələlərə yardım, danışıqlar, sülh və s. mümkün görünmür. Bu, sadəcə Ukrayna ilə Rusiya arasında müharibə deyil, bu, həm də qərbin Ukraynaya qarşı apardığı proksi müharibədir. Qərbin Rusiyadan özünü müdafiəsi, demokratiyanın müdafiəsi kimi qəbul edilir. Qərb özünü demokratik dəyərlərin müdafiəçisi saydığından Ukraynanın yanındadır. Bir məsələni də qeyd edim ki, Ramştaynın Ukrayna ilə bağlı təmas qrupun 40 üzvü var. Səudiyyə Ərəbistanının irəli sürdüyü sülh təklifi təşəbbüsünü isə müdafiə edən 40 ölkə var. 40 ölkə müharibə tərəfdardır, 40 ölkə isə sülh. Yəni, BMT-nin üzvü olan 194 ölkədən 80-ni bu müharibədə iki cəbhəyə bölür. Odur ki, beynəlxalq ictimaiyyətin də Ukraynada gedən müharibənin dayandırılması və davamı üçün münasibəti birmənalı deyil. Bu isə müharibənin hələ davam edəcəyini deməyə səs verir".
Röya Kərimli