Video 09:14 12.12.2023

Türkiyə Super Liqasında hakim döyüldü, bütün oyunlar təxirə salındı, saxlanılanlar var (FOTO/VİDEO)

Futbol üzrə Türkiyə Super Liqasının XV turunda keçirilən "Ankaragücü" - "Çaykur Rizespor" (1:1) matçından sonra hakim Halil Umut Melər döyülüb.

Qaynarinfo xəbər verir ki, "Ankaragücü” klubunun prezidenti Faruk Koca oyundan sonra meydana çıxaraq qarşılaşmanın baş hakim Umut Melerin sifətinə zərbələr endirib. Zərbədən sonra Umut Meler qazona yıxılıb və daha bir neçə zərbə alıb. Baş hakimin özü ayağa qalxa bilib. Onun sol gözünün altında qançır yaranıb. O, hakimlər otağında müalicə olunub.

Ədliyyə naziri Yılmaz Tunç hadisə haqqında məhkəmə istintaqının başladığını açıqlayıb. İstintaq çərçivəsində 3 şübhəli nəzarətə alınarkən, daxili işlər naziri Ali Yerlikaya "Ankaragücü" prezidenti Faruk Kocanın xəstəxanada müalicə olunduğunu və müalicəsinin ardından onun saxlanılması əməliyyatlarının aparılacağını açıqlayıb.

Hadisədən sonra Super Liqanın bütün oyunları qeyri-müəyyən vaxtadək təxirə salınıb. Bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi bildirib.

"Hörmətli hakimimiz Halil Umut Melərə belə hücum edilməsi bizi çox kədərləndirdi. Buna səbəb olan klublar və menecerlər: Biz nə etdik? Bu hücumu qınayır və lənətləyirik. Ümid edirik ki, qanun qarşısında cavab verəcəklər. Ümid edirik ki, ədalət yerini tapacaq", deyə TFF prezidenti bildirib.

Mehmet Büyükekşi deyib ki, bu xain hücum təkcə hakimə deyil, bütün türk futboluna qarşı edilən hərəkətdir:

"Hakimləri hədəf alan hər kəs bu cinayətin ortağıdır. Klub və onun idarəçiləri ən ağır şəkildə cəzalandırılacaq".

Qeyd edək ki, qarşılaşmanın baş hakimi Halil Umut Meler matçın 50-ci dəqiqəsində "Ankaragücü" klubunun futbolçusu Ali Souenə ikinci sarı vərəqə göstərərək meydandan kənarlaşdırıb. Bu qərar azarkeşlərin böyük reaksiyasına səbəb olub.

"Ankaragücü" klubunun baş məşqçisi Emre Belözoğlu oyundan sonra "Çox üzr istəyirəm, başqa bir şey demək istəmirəm" deyə açıqlama verib.

"Çaykur Rizespor"un baş məşqçisi İlhan Palut əlavə olunan dəqiqələrdə bir xal qazandıqlarını bildirib və "Ankaragücü"nə uğurlar arzulayıb.