Dünya 18:08 25.01.2024

Türkiyədəki bələdiyyə seçkilərində hansı partiyanın şansı daha çox olacaq? (ŞƏRH)

"Bu seçkilərdə AKP böyük şəhərlərdə öz namizədlərindən bəzilərinin bələdiyyə başçısı seçilməsinə nail olacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında bunu politoloq Tural İsmayılov Türkiyədə martın 31-də keçirilməsi planlaşdırılan bələdiyyə seçkilərində qüvvələr nisbətinin necə formalaşacağı məsələsini şərh edərkən deyib.

Tural İsmayılov vurğulayıb ki, Türkiyədə bələdiyyə seçkiləri böyük önəm daşıyır:

"Bu da Türkiyədə demokratik və cümhuriyyətçilik ənənələrinin yüksək səviyyədə olmasının nəticəsidir. Qardaş ölkədə keçirilən bütün seçki prosesində bu ənənələrin canlı şahidi oluruq. Sözsüz ki, böyükşəhər bələdiyyələri uğrunda mübarizədə partiyalar arasında ciddi rəqabət olacaq. Əsas fokuslanma Ankara, İstanbul və İzmir bələdiyyə başçılarının seçilməsi məsələsində olacaq. İzmir solçuların daha çox cəmləşdiyi şəhər olsa da, artıq burada da müxtəlif alternativ səslər eşidilir. Burada əhalinin bir hissəsi digər namizədlərin, xüsusən də hakim partiya namizədinin daha yaxşı işlər görə biləcəyini düşünür". 



Həmsöhbətimiz deyib ki, İstanbulda CHP-çi Əkrəm İmamoğlundan ciddi narazılıqlar var:

"Onun ən çətin dövrlərdə, təbii fəlakətlər zamanı bələdiyyə başçısı kimi, öz funksiyalarını yerinə yetirmədiyi söylənilir. AKP-nin ona rəqib olaraq  çıxardığı Murad Kurum əvvəllər Türkiyədə ən fəal ekoloji aktivistlərdən olub. O, yaşıllıq, ətraf mühitlə bağlı Türkiyəyə ən fəal siyasətçilərdəndir. Ona görə İstanbulda Murat Kurumun qələbə şansı kifayət qədər yüksəkdir. Ankarada isə CHP-çi Mənsur Yavaşın növbəti dəfə bələdiyyə başçısı seçilməsilə bağlı fikirlər haçalanıb. Düşünürəm ki, hər halda böyük şəhərlərdə hakim partiya öz namizədlərindən bir və ya bir neçəsinin bələdiyyə başçısı olmasını görəcək. Çünki xalqın hazırkı bələdiyyə başçılarından  müəyyən narazılıqları var".

Qeyd edək ki, cari ilin martın 31-də Türkiyədə bələdiyyə seçkilərinin keçirilməsi planlaşdırılır. Seçkilərə hakim AKP monolit halda getsə də, əsas müxalifət son Prezident seçkisindən sonra demək olar ki, dağınıq halda gedir. CHP, İYİ Partiya və digər siyasi partiyaların daxilində böhran yaşandığı bildirilir.

Rüfət Sultan