
Məlum olduğu kimi, 2 dəfə Azərbaycan çempionu olmuş "Bakı" klubu ölkə çempionatlarından tamamilə çəkilib. Klubun sahibi Hafiz Məmmədovun maddi baxımdan problemlərini həll edə bilməməsi "Bakı"nın artıq demək olar ki, mövcud olmamasından xəbər verir.
Qaynarinfo.Az xəbər verir ki, artıq komandanın dağılmasının səbəbkarları axtarılır.
Belə ki, 2007-2009-cu illərdə "Bakı"nı çalışdırmış makedoniyalı baş məşqçi Qyoko Hacievski "Futbol+" qəzetinə verdiyi müsahibədə klubun belə vəziyyətə düşməsini onun komandadan ayrılmasından sonra edilən yüksək ödənişli transferlərlə əlaqələndirib. 61 yaşlı mütəxəssis konkret adlar da çəkib. O, kluba menecer təyin olunmuş Tunç Afşarın onun yerinə Bülənt Korkmazı gətirməsini və məhz bundan sonra bahalı və lazımsız transferlərin həyata keçirildiyini bildirib. Hacievskinin sözlərinə görə, Korkmaz komandanı onun kimi Azərbaycan çempionu edə bilməyərək klubu yarımçıq tərk etsə də, sonra Aleksandr Starkov və Vinfrid Şefer kimi məşqçilər üçün də kifayət qədər paralar xərclənib.
Bu məsələ ilə bağlı adı çəkilən Tunç Afşarı axtarmalı olduq. Türkiyəli mütəxəssis əvvəlcə "Bakı"nın bu durumu haqda danışdı: "Bakı" klubunun dağılmasına çox məyus oldum. Çünki bu klubda çox əməyimiz var. Başda Hafiz Məmmədov, Zeynal Məmmədov və Yaşar Seyidov olmaqla "Bakı" klubunda Azərbaycan futbolu üçün çox böyük işlər gördülər. Hafiz müəllim sadəcə Azərbaycan futbolu üçün deyil, ölkənin beynəlxalq arenada tanınması üçün çox işlər etdi. Madrid "Atletiko"su, Fransanın "Lans" klubu ilə əməkdaşlıqları nümunə kimi göstərə bilərəm. Ancaq düşünürəm ki, Hafiz müəllimi ictimaiyyət tək buraxıb. Məncə, bu qədər iş görən bir insandan bu qədər asan vaz keçmək düzgün deyil. Amma "Bakı" FK Akademiyasının yetirmələri olduqca, həm bu klub, həm də Hafiz müəllim xoş xatirələrlə yadda qalacaq".
Hacievskinin "Tunç Afşar kluba öz adamlarını gətirdi" fikirlərinə gəlincə... Afşarı dinləyək: "Bu, Hacievskinin öz fikridir. Dediklərinə baxmayaraq, mən həmişə ona hörmətlə yanaşmışam. Mən də onunla bağlı çox söz deyə bilərəm. Amma mənə yaraşmaz. Çünki biz onunla eyni klubda, eyni gəmidə eyni hədəf üçün işləmişik. Sadəcə bunu deyə bilərəm ki, düzdür, "Bakı"da yüksək qiymətli transferlər olmuşdur. Amma bu transferləri "baha" deyə adlandırmaq olmaz. Transferlər büdcədən asılıdır. Və o vaxtlar başda Hafiz müəllim olmaqla digər sponsorlar Hacievskinin zamanında daha çox kluba pul yatırmağa başladılar. Buna görə də daha yüksək qiymətli futbolçuların transferinə üstünlük verildi.
Özü də çox yaxşı bilir ki, o klubda Hafiz müəllimin başçılıq etdiyi Transfer Komitəsi vardı. Bu komitədə mən, Zeynal müəllim və Yaşar müəllim də var idi. Hətta Nail Əliyev də orda yer alırdı. Hacievski klubda kimin maliyyə məsələlərinə baxdığını yaxşı bilir. Ona görə də danışdıqları boş söhbətdir. Mənim barəmdə öz adamlarını kluba gətirdi deyib. Onda xahiş edirəm ki, cənab Hacievski indi "Bakı" Akademiyasının neçə dənə yetirməsi və məşqçisinin Azərbaycan futboluna xidmət etdiyini də desin. "Bakı" klubunun hazırkı vəziyyətinin niyə belə olması sualına veriləcək tək bir cavab var. O da hörmətli Hafiz müəllimin öz biznesi ilə əlaqəlidir. Biznesdir, bu gün pis, sabah yaxşı ola bilər. Mən həmişə klubun qapısını döyüb kluba girə bilərəm. Ora mənim doğma klubumdur, ordakı insanlar da qardaşlarımdır".
Qaynarinfo.Az