İdman 09:30 29.06.2022

Ştuxlik bir külək idi, gəldi, pulunu qazandı, getdi, bəs, bizə nə qaldı? (MÜSAHİBƏ)

Azərbaycanda hakimliyin durumu hazırda çox narahatedicidir. Son illərdə, demək olar, inkişafa doğru irəliləyişlər görmürük. Neçə illərdir AFFA-nın az qala ayaqları altına "xalça sərdiyi” Fritz Ştuxlik gələndən sonra nəyəsə ümid etsək də, qısa müddətdə bu ümidlər də "öldü”. Ancaq Assosasiya bütün narazılıqlara baxmayaraq, onu uzun müddət vəzifəsində saxladı. Nəhayət bir müddət öncə, avstriyalı sabiq hakimlə yollar ayrıldı. Belə desək, Ştuxlik bir külək idi, gəldi, pulunu qazandı, getdi. Bəs, bizə nə qaldı? Hakimlər Komitəsinə rəhbərlik etdiyi 4 il ərzində hansı faydalı xidmətləri oldu? Bu suallara sabiq FİFA referisi Rəhim Həsənovdan cavab aldıq. 

Həsənov Qaynarinfo-ya müsahibəsində Ştuxlikin burda olduğu illəri analiz etdi və ölkə futbolunda hakimliyin hazırkı durumundan danışdı.

- AFFA bir müddət öncə Ştuxliklə yolları ayırdı. Onun burada olduğu dönəmi necə şərh edərdiniz? O, futbolumuza nə verdi?

- Hakimliyin içindən çıxan insan kimi, neçə illərdir müşahidə edirəm ki, Azərbaycanda ənənə pozulub. Hakimlik elədir ki, cavanlar, orta yaşlılar və yaşlılar sintez təşkil etməlidir. Çiyin-çiyinə işləməlidirlər. Ancaq indiki vəziyyət bilirsiniz nəyə oxşayır? Sanki lokomotivi dartan yoxdur. Görüsünüz ki, hazırda təcrübəli, yaşı 40-ı keçən hakimimiz yoxdur. Bu olmalıdır ki, çempionatda gənclər təcrübəli hakimlərə baxıb nələrisə öyrənsinlər. Təəssüflər olsun ki, bu gün onu görə bilmirik. Bilirsiniz ki, Fritzin çalışdığı dönəmdə bütün klublar təngə gəlmişdi. Bunu açıq şəkildə dilə gətirməsələr də, mətbuata sızırdı. AFFA-ya Hakimlər Komitəsindən şikayət edirdilər. Keyfiyyətli hakimlik yoxdur. Keyfiyyət o zaman olur ki, Hakimlər Komitəsi düzgün işləyir. Əks halda, mexanizm itir. Ştuxlik "materialları” onlara düzgün çatdırmayanda, lazımi şəkildə tənqid etməyəndə, sabah, məsələn” "Sabah” kimi klubların haqqı yeyilir. Bu reallıqdır, hamı görür. Şükür ki, AFFA gec də olsa ayıldı və düzgün qərar verdi.

- Bu 4 il daha səmərəli işlər görmək üçün kifayət edirdimi?

- Rəhim Həsənov bu gün oldu-olmadı, Azərbaycan hakimliyi 4 il itirdi. Bu müddətdə daha yaxşı işlər görmək olardı. İndiki hakimləri pisləmirəm. Sadəcə, proses düzgün getmədiyinə görə onlar inkişaf edə bilmirlər. Əsas hakimlərimizdən biri Əliyar Ağayevdir. Ancaq bu gün təəssüflər olsun ki, ondan sonra heç kimi gözləmirik. Onunla eyni və ya daha yuxarı səviyyəli hakimlər görmək istəyərdik. Belə çıxır ki, Əliyar fitini yerə qoysa, Azərbaycanı beynəlxalq səviyyədə təmsil edəcək yaxşı hakimimiz yoxdur. Rəqabət olmayan yerdə hakimliyin inkişafı mümkün deyil. Bütün peşələrdə eynidir. İşinlə bağlı hər hansı irad tutulanda növbəti dəfə həmin səhvi düzəldirsən. Sən səhv edəndə bunu düzgün kimi qələmə verəndə, uçuruma gedirsən. Beynəlxalq səviyyəli oyunlarda da eyni səhvləri edəndə, orada artıq başını sığallayan olmur. 

- Az öncə Əliyarın adını çəkdiniz. Onun daha irəli getmək potensialı vardı? Ümumiyyətlə, düşünmək olar ki, Şuxlik onun da qarşısını kəsdi?

- Düşünürəm ki, Əliyar 4 il itirdi. Gözləyirdim ki, qısa zamanda Əliyar Avropanın ən titullu yarışlarından biri olan Çempionlar Liqasında debüt edəcək. Təəssüflər olsun ki, bu, baş vermədi. ÇL-də də debüt etmədinsə, deməli, indiki səviyyədən daha yuxarı qalxa bilməzsən. Belə yarışlarda işirak etmədinsə, istər-istəməz yeni nəsil gəlir, sən yaddan çıxırsan. Bütün bunlar isə Azərbaycan hakimliyi üçün mənfi haldır. Ola bilsin kimsə bu sözləri dilə gətirməyə çəkinir, amma faktdır.

- Bu vəziyyətdən çıxış yolu nədir? Hakimlər Komitəsinə sədr kimi başqa əcnəbiyə qucaq açmaq lazımdır? Yoxsa ölkədə bunu bacaracaq yerli mütəxəssis var?

- Çox uzağa getməyək. Haradasa 10 il əvvəl Əliyar kimi hakimi üzə çıxardılar. Yəni, həmin vaxt Hakimlər Komitəsinin sədri azərbaycanlı idi. UEFA ilə əlaqəsi olmayan həmin keçmiş komitəmiz bunu bacardı. Deməli, bu mümkündür. Sadəcə, iş düzgün qurulmalıdır. Əks halda istənilən çempionatda heç nəyə nail olmaq mümkün deyil. Yaxşı ki, Ştuxlik cəmi 4 il işlədi. 10 il işləsəydi, nə olacaqdı? O zaman Hakimlər Komitəsinin qapısına mismar vurub deyəcəkdik ki, burada, ümumiyyətlə, iş yoxdur. Təəssüflər olsun ki, buna doğru gedirdi. İnanıram ki, növbəti sədr yerli olacaq və Assosasiya ona dəstəyini göstərəcək. Komitə yığılanda oraya hakimliyi, işi düşünən insanlar toplaşmalıdır. Fritz və onun ətrafındakılar hakimliyin inkişafını düşünmürdülər. "Mən filankəsi istəmirəm”, "O, hakimlik etməlidir” kimi primitiv yanaşmalar vardı. Bu, 21-ci əsrə yaraşmayan yanaşmalardır. İnanıram ki, növbəti sədrin dönəmində bunlar nəzərə alınar. Siz də bilirsiniz ki, Fritzin dönəmində, kimsə kimisə çox istəyirdisə, ona tez-tez təyinat verirdi. Kiminsə kiminləsə müansibəti olmadığı üçün isə kənarda qalırdı. Sən burada şəxsi prinsiplərini deyil, işini göstərməlisən. Mən dedim-demədim, bunu hamı bilir.

- Növbəti mövsümdən Premyer Liqa oyunlarına təyinat alacaq hakimlərin siyahısı bir neçə gün öncə açıqlandı. Hakimliyimizin hazırkı durumu haqda hansı fikirdəsiniz?

- Yaxşı səviyyəyə çatmaq üçün düzgün analiz lazımdır. Həmin iclaslarda mən də iştirak etmişəm. Təkcə özümə görə deyil, ümumilikdə həmin vaxtdakı situasiyalara görə komiə sədri ilə aramızda söz-söhbətlər olub. Səhvdirsə, necə düz deyə bilərsən? Qaraya ağ demək mümkündür? Hakim səhv edibsə, bu normaldır. Onu cəzalandırmaq da normaldır. Təki növbəti matçlarda bu səhvləri aradan qaldırsın. Siyahıya gəlincə, hamısı cavan hakimlərdir, onlara uğurlar arzulayıram. Ümid edirəm ki, 2022-2023 mövsümündə normal idarəçilik edəcəklər. Amma orada bəzi hakimlər var ki, haqları yeyilib və siyahıdan çıxarılıb. Mümkün deyil hansısa hakim çempionatda səhv etməsin. Halbuki, bəzi hakimlər daha çox səhvlər etdiyi halda siyahıda adı qalıb. Məsələn, gənc Nahid Əliyev Premyer Liqada yan hakim idi. Onu bir səhvinə atdılar Aşağı Dəstəyə. Özü də bu, nəticəyə təsir edən səhv deyildi. Sadəcə, buna şəxsi prinsiplər səbəb olub. Taleh adlı hakim vardı. Bütün normativlərdən keçmişdi. Biz gözləyirdik ki, onu Premyer Liqaya yüksəldəcəklər. Amma Birinci Divizionun da siyahısından çıxardılar. Çox anormal qərarlar oldu. Mənim Azərbaycan hakimliyinə ürəyim yanır. Fərqi yoxdur, orada oldum, ya olmadım. Özüm nail olmadığımı başqasının bacarması məni sevindirir. 

- Artıq Ştuxlik komitədən göndərilib. Hakimliyə qayıtmaq istəyərdiniz? AFFA-dan dəvət gözləyirsiniz?

- Sualdan qaçan deyiləm. Heç kimin sualını cavabsız qoymamışam, bacardığım qədər cavablandırmışam. Deişdim ki, Fritzlə işləmək istəmirəm. Bilmirəm onu kim əvəzləyəcək və mənə hansı təkliflər göndəriləcək. Ümumiyyətlə, təklif göndərəcəklər ya yox, deyə bilmərəm. Əlbəttə, AFFA mənə etimad göstərərsə, güvənərsə, işləməyə hazıram. Sevdiyim peşədir. uşaqlıqdan futbolun içindəyəm. Əvvəl futbolçu kimi başlamışam, sonra hakim olaraq davam etmişəm. Əlbəttə, işləmək istəyərdim, bu birmənalıdır. Hakim, yaxud instruktor və ya gənclərlə çalışan biri kimi işləmək istəyərdim. Amma bunu zaman göstərər. Özüm özümə təyinat verə bilmərəm ki (gülür). İstənilən halda buna hazıram. Mənim AFFA ilə heç bir probemim yoxdur. Sadəcə, Hakimlər Komitəsi mənə dəstək göstərmədi və ayrıldım.

Səbuhi Həsənov