Tvitter sosial şəbəkəsi Türkiyə hökuməti ilə tərəflər arasında anlaşılmazlığa səbəb olan məsələlərdə ortaq məxrəcə gələ bilib.
Türkiyə baş nazirnin müavini Əmrullah İşlər bu barədə açıqlama verib. Dövlət rəsmisinin sözlərinin görə, bir qədər əvvəl hökumət rəsmiləri ilə tvitter rəhbərliyi arasında görüş olub. Görüşdə tvitter nümayəndələri Türkiyədə bu şirkətin nümayəndəliyinin açılmasına dair hökumətin tələblərini qəbul ediblər. Razılığa əsasən, tvitter, eyni zamanda, vergi ödəyicisi kimi də qeydiyyatdan keçəcək.
"Tələbimiz tvitterin, törətdiyi əngəlləri aradan qaldırmasıdır. Ancaq söhbət Türkiyədən getdikdə, ikili standartın olduğunu müşahidə edirik. Tvitter rəsmiləri ölkəyə gəldilər. Burada bir idarə açacaqlar. Türkiyədə maliyyə öhdəliklərini yerinə yetirəcəklər. Biz qətiyyən qadağanı sevən hökumət deyilik. Qadağalarla mübarizə apararaq bu günlərə gəldik" - deyə İşlər qeyd edib.
Hökumət bir müddət əvvəl tvitteri ölkənin daxili sirlərini aşkar etməkdə ittiham edirdi. Hökumətin qərarı ilə bir müddət fəaliyyəti dayandırılan tvitter daha sonra konstitusiya məhkəməsinin qərarı ilə yenidən açıldı. Bununla belə, tvitterin vergidən yayınması məsələləri ilə əlaqədar hökumətlə ziddiyətlər qalmaqda idi.//Anspress