Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk bildirib ki, Kiyev "Dəmir qübbə” raketdən müdafiə sistemi almaq istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Jerusalem Post” Korniyçukun mətbuat konfransı zamanı söylədiyi fikirə istinadən
yazıb.
Diplomat İsrailin "Rafael” şirkəti tərəfindən istehsal olunan tank əleyhinə sisteminin təhvil verilməsi ilə bağlı müqavilə imzalamaqdan imtina etməsi haqda mətbuatda yayılan xəbərləri təsdiqləyib:
"Bildiyim qədər, keçən həftə amerikalılar [İsrail texnologiyası ilə istehsal olunan] Spike ATGM-lərini Almaniyadan Ukraynaya göndərməyə icazə verdilər, lakin İsrail bundan imtina etdi”.
O, həmçinin bildirib ki, hazırda İsrail mətbuatında Ukraynada baş verən genişmiqyaslı müharibə haqqında çox az məlumat var, ya da heç yoxdur.
"Mən İsrail hökumətinin rahatlıq zonasından çıxmasını və reallığa qayıtmasını istəyirəm... İsrailin köməyinə ehtiyacımız var... Yəni, bizim hərbi texniki dəstəyə ehtiyacımız var; bizə "Dəmir qübbə” lazımdır ki, ərazimizə Rusiya raket hücumları zamanı qadın və uşaqlarımızı xilas edək. Bizim ianəyə ehtiyacımız yoxdur, biz onu almaq istəyirik”, - Korniyçuk bildirib.
"The Jerusalem Post” mənbələrə istinadən yazır ki, ABŞ-la imzalanmış müqavilə və müdafiə təyinatlı malların ixracı ilə bağlı qaydalara görə, İsrail çətin ki, "Dəmir qübbə”ni Ukraynaya satsın.
Bundan əvvəl prezident Volodimir Zelenski bildirib ki, İsrailin raketdən müdafiə sistemi Ukrayna üçün uyğun deyil, çünki yalnız Kiyev bölgəsi ərazi baxımından İsraildən böyükdür.
Nizami Bağırov