Qaynarinfo İsveç əsilli amerikalı iqtisadçı və diplomat, Ukrayna, Rusiya və keçmiş SSRİ ölkələrinin milli iqtisadiyyatları üzrə aparıcı beynəlxalq ekspert, Corctaun Universitetinin professoru, çoxsaylı dövlət və iqtisadi təşkilatların müşaviri, "Atlantic Counsil” araşdırma mərkəzinin baş elmi işçisi Anders Aslundun yazısını təqdim edir:
Vladimir Putin Ukraynadakı məğlubiyyətini etiraf etməkdən imtina edir. Sentyabrın 21-də o, nüvə silahı ilə "aldıqları"nı qoruyacağı ilə hədələyərək, daha çox Ukrayna ərazisini ilhaq edəcəyini vəd edərkən qismən səfərbərlik planlarını açıqladı. Bu son güc nümayişi Putinin sürətlə çökən işğalının acı reallıqlarını gizlədə bilməz. Rus tanklarının ilk dəfə Ukrayna sərhədini keçməsindən yeddi ay sonra onun yorğun və ruhdan düşmüş ordusu müdafiəyə keçdi və nəhayət indi hərbi təşəbbüs irəliləyən ukraynalıların əlindədir.
Müharibənin dəqiq necə başa çatacağı hələ də məlum deyil, lakin artıq aydındır ki, Ukraynanın işğalı bütövlükdə Rusiya və şəxsən Putin üçün fəlakət olub. Bu, onun rəhbərliyinin ilk onilliyi ərzində Rusiya Federasiyasında əldə edilmiş uğurları məhv etdi və onun 22 illik hakimiyyətinin çoxsaylı səhv hesablamalarını açıq şəkildə ifşa etdi. Putin çoxdan Rusiya tarixinin titanları arasında yerini tutmağı arzulayırdı. Bunun əvəzinə, o, indi ölkənin ən pis hökmdarlarından biri kimi xatırlanmağa müvəffəq görünür.
Putinin Rusiyaya və bütövlükdə beynəlxalq ictimaiyyətə mənfi təsirini qiymətləndirmək çətindir. O, bir sıra səbəbsiz müharibələr başladıb, Rusiyanın özündə fərdi hüquq və azadlıqları boğub, ksenofobiya mədəniyyətini tərbiyə edib və rusları inkişaf etmiş dünyadan ayırıb, Rusiya iqtisadiyyatının inkişafını dayandırıb və ölkənin modernləşdirilməsinə son qoyub və o, bütün dünyaya saxta və yalan məlumat epidemiyası yayıb.
İmperator əzəmətinə qayıdış arzusunda olan ruslar üçün Putinin ən böyük cinayəti onun Ukraynaya barbar müdaxiləsidir. Rusiya ilk dəfə deyil ki, alçaldıcı hərbi məğlubiyyətlərə məruz qalır. Son iki əsrdə dörd məğlubiyyəti qeyd etmək olar: Krım müharibəsi (1853-1856), Rus-Yapon müharibəsi (1904-05), Birinci dünya müharibəsi (1914-1917) və Əfqanıstan müharibəsi (1979-88).
Ümidverici hal odur ki, hər dörd məğlubiyyətdən sonra Rusiyada liberallaşma dövrləri başlayıb. Krım müharibəsindən sonra çar II Aleksandr bütün Rusiya imperiyasında təhkimçiliyi ləğv etdi. Rus-Yapon müharibəsindəki məğlubiyyət Dumanın yaradılmasına səbəb oldu, eyni zamanda Rusiyanın Birinci Dünya müharibəsindən vaxtından əvvəl çıxması ölkədə ilk ədalətli demokratik seçkilərin keçirilməsi ilə əlamətdar oldu. Bu arada Əfqanıstandakı uğursuzluq SSRİ-nin dağılmasında mühüm amil oldu. Pessimistlər Putindən sonra daha böyük tiranın gələcəyini proqnozlaşdırsalar da, Rusiya imperiyasının tarixi hərbi məğlubiyyətin Rusiyanın avtoritar instinktlərini zəiflədəcəyi ehtimalını göstərir.
Putinin Ukraynadakı müharibədən "sağ” çıxmasını təsəvvür etmək çətindir. Onun belə tələsik işğal əmri rus ordusunu məhv elədi və ölkəsini "yaramaz” ölkələr siyahısına əlavə etdi, əvəzində isə heç nə əldə etmədi. Müharibə həm də ölkə daxilində vəziyyətin kəskin şəkildə pisləşməsinə səbəb oldu. Stalin və Hitlerin ən pis ifratlarını təkrarlayan Putin ukraynalıların soyqırımını normaya və bunu Rusiya televiziyasının gündəlik müzakirə mövzusuna çevirib. Bu arada, yüksək səviyyəli araşdırmaçı jurnalistlər Andrey Soldatov və İrina Boroqanın qeyd etdiyi kimi, onun FSB təhlükəsizlik xidməti getdikcə daha çox Sovet NKVD-nin dəhşətli dövrünü xatırladır.
Putin Rusiyanın beynəlxalq münasibətlərinə son dərəcə mənfi təsir göstərərək, Ukraynaya müdaxilənin nəticələrindən çox-çox kənara çıxıb. Onun yerinə yetirilməyən vədlərinin uzun siyahısı və həyasız vicdansızlığı digər dünya liderlərini onunla iş görməkdən getdikcə uzaqlaşdırır. Bəziləri digərlərinə nisbətən daha çox dözdü, lakin hətta Fransa və Almaniyanın səbirli liderləri belə görünür ki, indi Putinin sözlərinin dəyərsiz olduğu qənaətinə gəliblər.
Rusiya hökmdarının beynəlxalq aləmdə statusunun aşağı düşməsi bu yaxınlarda Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində nümayiş etdirilib. Putin vaxtilə dünyanın bir çox tanınmış dövlət xadimlərini gözlətməsi ilə tanınırdı. Lakin Səmərqənddə onu Azərbaycan və Qırğızıstan prezidentləri gözlətdi. Onun kampaniyasında özünü rahat hiss edən yeganə siyasətçilər İran və Şimali Koreya kimi digər yaramaz rejimlərin nümayəndələridir.
Putinin hakimiyyəti Rusiya iqtisadiyyatı üçün də uğursuz olub. İlk iki prezidentlik dövründə davam edən Qaydar-Yeltsin islahatları və yüksək enerji qiymətləri ağıllı iqtisadi idarəetmə haqqında yanlış təəssürat yaratdı. Bu sadəcə bir illüziya idi. Rusiya iqtisadiyyatı 2014-cü ildən durğunluq vəziyyətindədir və hazırda batmaq üzrədir. Ən optimist rəsmi proqnozlar 2022-ci ildə 6% azalma və on il ərzində yüksəlişin olmayacağını göstərir.
Rusiyanın analoqu olmayan resurs bazası onu planetin ən zəngin ölkəsi etmək üçün kifayətdir. Əvəzində Putin modernləşmənin qarşısını aldı və Rusiyanı təbii ehtiyatlarının ixracından tamamilə asılı vəziyyətə saldı. Hətta rəsmi məlumatlara görə, Rusiyada 2014-2020-ci illər arasında mövcud olan real gəlir 10% azalıb.
Putin açılım və iqtisadiyyatı şaxələndirmək əvəzinə müharibələri və repressiv daxili siyasəti ilə Rusiyanı təcrid etdi, xarici biznesi qorxutdu. Bu, yalnız 2022-ci ilin birinci yarısında 400. 000-dən çox insanın ölkəni tərk etdiyini göstərən rəsmi rəqəmlərlə Rusiyanın ən yaxşı "beyinlərinin” qaçmasına səbəb oldu. "Ayaqları” ilə səs verənlərin çoxu cəmiyyətin savadlı və təşəbbüskar təbəqələrinə aiddir.
Putinin həqiqətən maraqlandığı yeganə iqtisadi məsələ dostlarının və ailəsinin sərvətidir. O, Rusiyadan kütləvi kapital axınının qarşısını almaq üçün heç bir səy göstərməyib, ola bilsin ki, bu axının böyük hissəsi ona və ya onun müttəfiqlərinə bağlıdır. Sadə rusların maaşları dondurulduğu halda, Putinin yaxın çevrəsinin üzvləri çox böyük sərvət toplayıblar. Rəsmi rəqəmlər olmasa da, Putinin özünün də dünyanın ən varlı adamlarından biri olduğu barədə çoxdan şayiələr gəzir.
Putinin Ukraynanı işğal etmək qərarının fəlakətli nəticələri onun hakimiyyətinin qalan hissəsinə "işıq salmağa” kömək etdi. O, Rusiyaya külli miqdarda ziyan vuraraq, ölkənin beynəlxalq məsələlərdə etibarını kəskin şəkildə sarsıtdı. Bu gün Rusiya 22 il əvvəl hakimiyyətinin başlanğıcı ilə müqayisədə nəzərəçarpacaq dərəcədə daha təcrid olunmuş və daha az demokratikdir. Bu, "uğurlu” keçmişi ilə yaşayan və müasir dünyanın çox hissəsinə açıq şəkildə düşmən olan bir cəmiyyətdir. Putinin mirası məhz belədir.
Putinin həqiqətən uğur qazandığı yeganə sahə dünya səviyyəli təbliğat maşını qurmasıdır. Ancaq hətta o, uğursuzluqları əbədi olaraq gizlədə bilməz. Əgər Ukraynadakı müharibə həqiqətən də uduzulubsa, Rusiya ictimaiyyətinin nüfuzdan düşmüş Putin dövrünün dayandırılmasını tələb etməsi an məsələsidir.
Tərcümə: Nizami Bağırov
Qaynarinfo