Avropa liderləri arasında narahatlıq var ki, Qərb İkinci Dünya Müharibəsindən sonra Avropanın ən böyük hərbi böhranı ilə mübarizə aparmağa çalışdığı bir vaxtda Macarıstan Aİ-nin birlik və təhlükəsizlik siyasətini poza bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Politico-nun materialında
deyilir.
Jurnalistlər qeyd edirlər ki, bütün Avropa paytaxtları mühüm əks-hücum əməliyyatını dəstəkləmək üçün Ukraynaya silah göndərirlər. Amma Macarıstan öz ərazisindən Ukraynaya silah tədarükünü belə qadağan edir. Macarıstanın baş naziri Viktor Orban da Qərbin yardımının guya yalnız münaqişəni uzatdığını deyir.
Avropa ölkələri təkid edir ki, sülh danışıqlarına nə vaxt başlamaqla bağlı yalnız Kiyev özü qərar verə bilər. Orban isə diqqəti "sülh danışıqlarına və yaxşı sülh təklifi verməyə" yönəltməyi təklif edir.
Macarıstan Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulsa da, onların yumşaldılmasında israrlıdır. Və onun rəsmiləri Ukraynada döyüşlər getdiyi bir vaxtda əlavə qaz tədarükü ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya getdilər.
Adı açıqlanmayan Mərkəzi Avropa rəsmisinin sözlərinə görə, Macarıstan Ukraynaya kömək etmək üçün bəzi cəhdlərə müqavimət göstərməyə davam edəcək. Necə ki, bu günə qədər elə edib.
Macarıstan hakimiyyətinin bu mövqeyi Kiyevdə və xaricdə narahatlığa səbəb olub ki, Macarıstan Qərbin onsuz da sarsılmış birliyini pozmağa qadirdir. Ekspertlər bugünkü Macarıstan siyasətinin Aİ-nin birliyinə zərərli təsirindən də danışırlar.
"Macarıstan yalnız zəruri minimumu yerinə yetirir. Düşünürəm ki, bu, konsensusun, birliyin pozulması deyil. Bu, birliyi zəiflədir", - Almaniyanın Xarici Əlaqələr Şurasının üzvü Andras Ratz deyib.
Macarıstanın NATO və ABŞ-dakı keçmiş səfiri Andras Simoni hesab edir ki, Macarıstanın Ukraynadakı müharibə ilə bağlı mövqeyi "təkcə narahatlıq deyil, həm də təhlükədir”.
"Mən NATO və ya Avropa İttifaqının bunu ciddi qəbul etdiyini düşünmürəm. Və məncə, bu, səhvdir", - o deyib.
O, həmçinin Orbanın "Ukraynanı vecinə almadığını" deyib.
Ekspertlər və siyasətçilər eyni fikirdədirlər ki, Macarıstan "ancaq özünü düşünür və özü üçün çalışır”.
"Macarlar ətraflarında macar azlığının yaşadığı ölkələrə qarşı öz imperiya siyasətini həyata keçirirlər. Orban öz səxavətli sosial siyasətini Avropa təhlükəsizliyini satmaqla maliyyələşdirməsi vacibdir", - deyə Mərkəzi Avropa rəsmilərindən biri bildirib.
O, həmçinin Macarıstan hökumətinin davranışını "Rusiya-Çin troya atı” adlandırıb.
UNIAN yazır ki, Aİ dəfələrlə yekdil qərar qəbulu prinsipindən imtina məsələsini qaldırıb. Mövcud səsvermə prinsipləri bir və ya bir neçə Aİ-yə üzv dövlətə blokun mühüm qərarlarını bloklamağa imkan verir ki, xüsusən də Macarıstan bundan istifadə edir.
Macarıstanın baş naziri Viktor Orban daha əvvəl açıq şəkildə bəyan etmişdi ki, Macarıstan özü üçün pis hesab etdiyi Avropa Birliyi qərarlarının qarşısını alacaq.
Son bir ayda Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell və Almaniya kansleri Olaf Şolz yekdilliklə qərar qəbulundan imtina etmək təşəbbüsü ilə çıxış ediblər.
Alpər