Xəbər lenti

Ukrayna məsələsi İtaliya siyasətini iki yerə böldü: Nə baş verir?
Dünya 17:07 07.08.2026

Ukrayna məsələsi İtaliya siyasətini iki yerə böldü: Nə baş verir?

Ukraynaya dəstək məsələsi İtaliyada qarşıdakı parlament seçkilərinin nəticələrinə təsir edə biləcək əsas siyasi mövzulardan birinə çevrilib. 

Qaynarinfo xəbər verir ki, "Politico" nəşrinin yazdığına görə, Kiyevə gələcək hərbi yardım məsələsi həm sol, həm də sağ siyasi düşərgələr daxilində fikir ayrılığına səbəb olur.

Müzakirələrin yeni mərhələsinə İtaliyanın sabiq baş naziri, sol yönümlü 5 Ulduz Hərəkatının lideri Cüzeppe Kontenin açıqlamaları təkan verib. O, jurnalistlərə müsahibəsində Ukraynaya silah tədarükünün davam etdirilməsinin zəruriliyini sual altına alıb.

Kontenin sözlərinə görə, partiyası əvvəlcə Ukraynaya hərbi yardımı dəstəkləyirdi, çünki Rusiya ilə müqayisədə açıq hərbi balanssızlıq mövcud idi. Lakin o hesab edir ki, hazırda vəziyyət dəyişib.

Nəşrin məlumatına görə, 5 Ulduz Hərəkatı yeni hərbi yardım paketləri üzrə səsvermələrdə bitərəf qalmağı planlaşdırır və münaqişənin danışıqlar yolu ilə həllinə üstünlük verir. Konte həmçinin Ukrayna ilə bağlı mövqenin sol-mərkəzçi koalisiyanın daxili praymerizində müəyyənləşdirilməsini təklif edib.

O bildirib ki, əsas məqsəd Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar yolu ilə müharibənin dayandırılmasına nail olmaqdır. Bununla yanaşı, Konte NATO-nun yeni hədəfləri çərçivəsində baş nazir Corcia Meloninin dəstəklədiyi müdafiə xərclərinin artırılmasına da qarşı çıxır.

Lakin bu təklif sol-mərkəzçi düşərgədə narazılıq yaradıb. Demokrat Partiyasının lideri Elli Şlayn Ukrayna siyasətinin praymeriz vasitəsilə müəyyən edilməsinə qarşı çıxaraq bildirib ki, əvvəlcə bütün koalisiya tərəfindən razılaşdırılmış proqram hazırlanmalı, yalnız bundan sonra lider seçilməlidir.

Demokrat Partiyasının nümayəndəsi, sabiq müdafiə naziri Lorenso Querini də Konteni tənqid edib. O vurğulayıb ki, Ukraynaya silah yardımı partiya üçün müzakirə mövzusu deyil və koalisiya daxilində parçalanma siyasi nəticələr doğura bilər.

"Politico" qeyd edir ki, Ukrayna məsələsi yalnız sol düşərgədə deyil, hakim sağ koalisiyada da fikir ayrılığı yaradır. Baş nazir Corcia Meloninin koalisiya tərəfdaşlarından olan sağçı "Liqa" partiyası Kiyevə dəstək və müdafiə büdcəsinin artırılması məsələlərinə skeptik yanaşır.

Bununla belə, baş nazirin digər koalisiya tərəfdaşı, Baş nazirin müavini və "Forza Italia" partiyasının lideri Antonio Tayani Konteni kəskin tənqid edərək, İtaliya solunu Ukrayna xalqını, yoxsa Vladimir Putini dəstəklədiklərinə aydınlıq gətirməyə çağırıb.

Nəşrin məlumatına görə, İtaliyada parlament seçkiləri gələn ilin yazında keçirilə bilər. Əgər Corcia Meloni yeni hökuməti təkbaşına formalaşdıra bilməsə, koalisiyaya sabiq general Roberto Vannaççinin rəhbərlik etdiyi ifrat sağçı "National Future" partiyası da cəlb oluna bilər. Lakin bu siyasi qüvvə də Ukraynaya hərbi yardımın əleyhinə çıxış edir.

Məqalədə həmçinin qeyd olunur ki, İtaliyada uzun illər formalaşmış pasifist ənənələr mövcuddur və Meloni hökumətinin Ukraynaya verdiyi qəti dəstək ictimai rəy ilə tam üst-üstə düşmür. "YouGov" sorğusuna əsasən, italiyalıların yalnız 32 faizi Ukraynanın Rusiya üzərində qələbəsini vacib hesab edir.

Bununla yanaşı, Kil Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, İtaliyanın Ukraynaya göstərdiyi hərbi yardım ölkənin ÜDM-nin cəmi 0,17 faizini təşkil edir ki, bu da Avropada ən aşağı göstəricilərdən biridir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->