Ukrayna Birləşmiş Ştatlar tərəfindən tətbiq edilən tariflər qüvvəyə minmədən əvvəl metallurgiya sahəsi üçün optimal həll yolu tapmaq məqsədilə tərəfdaşlarla fəal işləməyə davam edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə birinci vitse-premyer – iqtisadiyyat naziri Yuliya Sviridenko ABŞ prezidenti Donald Trampın polad və alüminium idxalına 25% rüsum tətbiq etmək qərarını verməsindən sonar X (Twitter) platformasında yazıb.
Qeyd edək ki, 10 fevralda Tramp Ukraynanın polad və polad məmulatlarının idxalı ilə bağlı müvəqqəti azadlığı ləğv edən fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, 12 mart 2025-ci ildən etibarən Ukraynanın polad və onun törəmə məhsullarının idxalı ilə bağlı əvvəlki bütün istisnalar ləğv ediləcək.
Bu tarixdən başlayaraq Ukraynaya, eləcə də digər bütün ölkələrə 25% rüsum tətbiq olunacaq.
Tramp iddia edir ki, Ukrayna poladına rüsumların ləğvi ukraynalı deyil, avropalı istehsalçıların xeyrinə olub. Fərmanda bildirilir ki, Ukraynadan idxal ABŞ-ın ümumi idxalının 0,5%-i səviyyəsində qalsa da, Avropa İttifaqından idxal 11,2%-dən 14,8%-ə yüksəlib.
Sviridenko bəyan edib ki, İqtisadiyyat Nazirliyi Ukrayna poladının ABŞ-da 25% tariflərdən kənarda qalması üçün bütün səyləri göstərib.
"ABŞ-ın 12 martdan etibarən poladımıza rüsum tətbiq etmək qərarı Rusiya işğalından zərər çəkmiş metallurgiya sahəsinə təsir göstərəcək", – deyə o bildirib.
Eyni zamanda, ukraynalı nazir tərəfdaşlarla fəal işləməyə davam edəcəyini və 12 martadək optimal həll yolu tapmaq üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Qeyd edək ki, hələ rəsmi elan olunmamışdan əvvəl Avropa Komissiyası Trampın bu qərarını "qanunsuz və səmərəsiz" adlandırıb.
Fransa prezidenti Emmanuel Makron isə hesab edir ki, ABŞ-ın Avropa İttifaqından gələn mallara rüsum tətbiq etməsi Amerika iqtisadiyyatına zərər vuraraq inflyasiyanı artıra bilər.
11 fevralda Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bəyan edib ki, Avropa İttifaqına qarşı əsassız tariflər cavabsız qalmayacaq.
Alpər
Şərhlər