Xəbər lenti

Ukrayna savaşı bitir və Minsk qrupu işə düşür? (ŞƏRH)
Dünya 15:31 19.02.2025

Ukrayna savaşı bitir və Minsk qrupu işə düşür? (ŞƏRH)

"Yaxın dövrdə atəşkəs elan olunacaq və ATƏT-in Minsk qrupu işə düşə bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Səudiyyə Ərəbistanında başa çatan Vaşinqton-Moskva danışıqlarını şərh edərkən deyib: 

"İlk növbədə onu qeyd edək ki, ola bilsin ki, yaxın gələcəkdə Ukrayna savaşında atəşkəs rejimi elan olunsun. Ondan sonra isə həll olunmamış məsələlərlə bağlı hansısa danışıqlar formatında müzakirə dövrü başlanacaq. Bu zaman ATƏT-in Minsk qrupu da işə düşə bilər. Azərbaycanla Ermənistan arasında vaxtilə olan qayda ilə məsələlər Minsk qrupunda müzakirə edilə bilər. Putinin köməkçisi Uşakov bu məsələdə təcrübəli şəxsdir. Azərbaycanla Ermənistan arasında olduğu kimi, Ukrayna məsələsində də model təxminən bu şəkildə olacaq. Atəşkəs rejimi elan olunur, müharibə nəticəsində kim harda yerləşib orada da qalacaq", deyə Tofiq Zülfüqarov əlavə edib.
 


Amma həmsöhbətimiz böyük dəyişikliklərin olacağına inanmır:

"Çünki Lavrov belə bir fikir səsləndirdi ki, Rusiyadan hansısa ərazilərin tərk edilməsi tələb olunur. Ardınca deyib ki, bu əraziləri insanlarla bərabər tərk etməlidirlər, yoxsa başqa nə şəkildə? Yəni Moskva orada rusların qalmasında israrlıdır. Bu baxımdan, ssenari bəllidir".

Qeyd edək ki, Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndələri arasında Ukrayna müharibəsinin dayandırmaqla bağlı danışıqlar artıq başa çatıb. İlkin məlumatlardan belə anlaşılır ki, tərəflər görüşdən ümumən məmnun olublar. ABŞ dövlər katibi Marko Rubio deyib ki, tərəflər 4 prinsipi razılaşdırıblar. Lavrov isə tərəflərin danışıqlarda milli maraqları əsas götürəcəkləri barədə razılaşdıqlarını bəyan edib. 

Rüfət Sultan


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->