ABŞ və Ukraynanın müharibə strategiyaları fərqlidir. İndi ölkələr yeni hərbi strategiya hazırlayırlar.
Qaynarinfo bu barədə "New York Times”a
istinadən xəbər verir.
ABŞ və Ukrayna Rusiya ilə müharibənin necə aparılacağına dair fikir ayrılığına malikdir. ABŞ hesab edir ki, Ukrayna müdafiəyə diqqət yetirməli, qüvvələrini artırmalı və uzun sürən müharibəyə hazırlaşmalıdır. Ukrayna isə danışıqlar üçün daha əlverişli şərait əldə etmək məqsədilə hücuma keçmək istəyir.
Krıma, silah zavodlarına, silah anbarlarına və dəmir yolu xətlərinə hücumlarla, habelə "simvolik qələbələr”lə bağlı strategiyalar nəzərdən keçirilir. Ukraynanın keçmiş yüksək rütbəli hərbi məmurlarından biri Kiyevin ideyalarını NYT ilə müzakirə etməkdən imtina edib, lakin planı "çox cəsarətli” adlandırıb.
Nəşrin məlumatına görə, Ukrayna hərbçiləri və rəsmiləri Qərb ölkələrindən Qərb ehtiyatlarında "mövcud olmayan” milyonlarla artilleriya mərmisi istəyirlər. ABŞ Ukraynanı alacağı yardımın həcminin azala biləcəyi ehtimalına hazırlamağa çalışır.
"Stavka"lar böyükdür. ABŞ rəsmiləri bildirirlər ki, yeni strategiya və əlavə maliyyə olmasa, Ukrayna müharibəni uduza bilər. ABŞ rəsmiləri Ukraynanın daha az büdcə ilə müharibə aparmalı olacağını deyirlər", deyə nəşr yazır.
ABŞ iki il ərzində Ukraynaya 111 milyard dollardan çox məbləğdə irimiqyaslı yardım göstərib. Bununla belə, son vaxtlar Ukraynaya əlavə dəstək verilməsinə qarşı çıxan respublikaçıların sayı artmaqdadır. Bəziləri əlavə vəsaitə səs verməzdən əvvəl yeni strategiya tələb edir.
Ukraynalı və amerikalı generalların fikirləri arasındakı uyğunsuzluq Kiyevin Rusiya ilə müharibədəki mövqeyini çətinləşdirir. Kiyev hərbi əməliyyatların əsas istiqamətinin ölkənin şərqini, Vaşinqton isə cənubunu hesab edir.
Ukrayna komandanlığı cənubda irəliləyişin böyük itkilərə səbəb olacağından ehtiyat edirdi. Nəticədə, Ukrayna qüvvələrini böldü, lakin "həlledici irəliləyiş əvəzinə, çıxılmaz vəziyyət yarandı”. Kiyev hesab edir ki, ABŞ-nın gözləntiləri, xüsusən də Ukrayna Hərbi Hava Qüvvələrinin imkanlarını nəzərə alsaq, bu, qeyri-real idi.
Nizami Bağırov