Ukrayna Təhlükəsizlik Xidməti bəyan edib ki, Ukraynanın Ali Radasının deputatı Andriy Derkaçın da daxil olduğu Rusiya QRU-nun kəşfiyyat şəbəkəsini ifşa edib.
Qaynarinfo xəbər verir ki, bu barədə UTX-nin Telegram-dakı məlumatında
deyilir.
İstintaqın fikrincə, Derkaç "Ukraynanı tez bir zamanda işğal edilməsi üçün bir sıra özəl mühafizə şirkətlərinin yaradılmasına nəzarət edib".
UTX-da qeyd edilir ki, şəbəkə, deputatın keçmiş köməkçisi İqor Kolesnikovun saxlanması zamanı Rusiyaya tammiqyaslı işğalın başlanğıcında zərərsizləşdirilib. Sonuncu, Rusiya Baş Qərargahının Baş İdarəsinin şərti adı "Veteran” olan əməkdaşı olub və Rusiyanın xüsusi xidmət orqanları ilə Derkaç arasında əlaqələndirici və maliyyə kuryeri kimi fəaliyyət göstərib.
Derkaç 2016-cı ildən Rusiya xidmət orqanları ilə əməkdaşlığa başlayıb. Onunla şəxsən QRU-nun rəhbərliyi – İdarə rəisi İqor Kostyukov və onun birinci müavini Vladimir Alekseyev işləyiblər.
"Deputat, xüsusən də, Rusiya Federasiyası Baş Qərargahının Baş İdarəsindən düşmənin Ukraynanı ələ keçirmək üçün istifadə etməyi planlaşdırdığı şəxsi təhlükəsizlik strukturlarının yaradılması üçün vəsait alırdı. QRU bu işə bir neçə aydan bir 3-4 milyon ABŞ dolları ayırıb. İstintaq materiallarına görə, bu vəsaitlərin əhəmiyyətli bir hissəsi Derkaçın cibinə girib”, - UTX-nin mətbuat xidməti yazır.
Kolesnikov, öz növbəsində, həbs edildikdən sonra şəbəkənin fəaliyyəti və müharibədəki rolu ilə bağlı geniş ifadə verib. Artıq may ayında ona, vətənə xəyanət ittihamı ilə hökm oxunub.
"Qoşunlar içəri daxil olanda bu özəl mühafizə şirkətləri texnikanın keçidini təmin etməli, Rusiya bayraqları ilə zirehli texnikaya oturmalı və bununla da şəhərlərə dinc girişi təmin etməli idilər", - Kolesnikov ifadə verib.
Onun qeyd etdiyi kimi, QRU Kiyevin ələ keçirilməsi zamanı iki xüsusi təyinatlı briqadadan və Belarus ərazisindən daxil olacaq əməliyyat qüvvələrindən istifadə etməli idi.
"Oradan sürətlə Kiyevə daxil olmaq, hökumət məhəlləsini ələ keçirmək və Ali Radada yeni hökumətin yaradılmasına səs verəcək iclas çağırılmalı idi. Lakin bu planlar ukraynalı müdafiəçilər tərəfindən tamamilə məhv edilib", - UTX əlavə edib.
Qeyd edək ki, deputatı Andriy Derkaç 1998-сi ildən bəri bütün parlament seçkilərində Ali Radaya üzv seçilə bilib. 2019-cu ildəki parlament seçkilərində Sumı vilayətindən deputat seçilib. Onun atası Ordu generalı Leonid Derkaç ayrı-ayrı vaxtlarda Ukraynanın Gömrük xidməti (1995-1998) və Ukrayna Təhlükəsizlik Xidmətinin (1998-2001) rəisi olub
Nizami Bağırov