Xəbər lenti

Ukraynada hakimiyyət böhranı: Zelenski və Zalujnı arasında nə baş verir?
Dünya 16:02 31.01.2024

Ukraynada hakimiyyət böhranı: Zelenski və Zalujnı arasında nə baş verir?

"Zalujnı məsələsi ABŞ, Böyük Britaniya, Almaniya kimi ölkələrlə müzakirə predmetinə çevriləcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ukraynada prezident Volodimir Zelenski ilə Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı arasında yaşanan gərginliyi şərh edərkən deyib.

Ekspertin fikrincə, Zalujnı prezidentlik kürsüsünə iddialıdır:

"Öncə bu məsələnin mahiyyətini anlamaq lazımdır. Zalujnı orduda əsas simalardan biri olmaqla bərabər, zaman-zaman bəzi siyasi bəyanatlar da verir ki, bu da qəbuledilməzdir. Çünki ordu siyasətlə məşğul olmur. Siyasi qərarı siyasi hakimiyyətlər verir. Zalujnının siyasi bəyanatlar verməsi onun daha böyük, prezidentlik kürsüsünə iddia etdiyinin göstəricisidir".

Həmsöhbətimiz deyib ki, yaranmış durum Zelenski hakimiyyətini narahat edir:



"Belə siyasi qərarların verilməsi bilavasitə siyasi iddialara işarədir. Deməli, ortada konkret bir şəbəkənin fəaliyyəti var. Zalujnının arxasında  dayanan əsas maliyyə mənbəyi sabiq prezident Petro Poroşenkodur. Burada bəzi Qərb ölkələrinin də maraqları var. Çünki onlardan dəstək alınmasa, bu cür iddialarda bulunmaq imkansızıdr".

Natiq Miri hesab edir ki, vəziyyət dəyişəcəyi təqdirdə, hakimiyyəti əvəzləyəcək real güc mərkəzlərinin olması Qərbin marağındadır:

"Zalujnı da nüfuzlu şəxsdir. Komandan olmaqla bərabər, zaman-zaman ciddi uğurlara imza atan hərbi rəhbər kimi də dəyərləndirilir. Ordudakı  nüfuzu da Zalujnının mövqelərini gücləndirən amildir. Bu da Zelenski hakimiyyəti üçün müəyyən problemlər vəd edir. Çünki müharibə gedən ölkədə ordunun əlilə siyasi çevriliş etmək o qədər də çətin deyil". 

Ekspert bildirib ki, Prezident Adminstrasiyasında Zalujnı ilə bağlı qərar verilib, sadəcə onun elan olunması ləngiyir:

"Bu isə bəzi Qərb ölkələrinin reallığı qəbul etmək istəməmələrilə bağlı ola bilər. Ona görə də bu məsələ, ABŞ, Böyük Britaniya, Almaniya kimi ölkələrlə müzakirə predmetinə çevriləcək. Sadəcə, Kiyev dəyişikliyi ağrısız keçirməyə çalışır ki, proses Ukrayna dövləti üçün problem və parçalanma yaratmasın. Habelə, cəbhədəki komandanlığın Zalujnını əvəz edəcək nüfuzlu şəxsi qəbul etməsi də vacib məqamlardandır. İndiki halda isə durum Rusiyanın maraqlarına xidmət edir. Ona görə də təhlükəli məqamdır".

Qeyd edək ki, Ukraynada prezident Volodimir Zelenski ilə Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının arasında gərginlik davam edir. Zelenski hələlik onun istefası ilə bağlı sərəncam imzalamayıb. Lakin bununla belə, istefa ssenarisi areal görünür. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->