Xəbər lenti

Ukraynada savaş nə zaman bitəcək? - Proqnoz
Dünya 14:27 19.05.2022

Ukraynada savaş nə zaman bitəcək? - Proqnoz

Rusiyanın Ukraynanı qısa bir müddətə işğal etmək planı iflasa uğradı. Savaşın nə zaman bitəcəyi sual altındadır. Bəzi araşdırmaçılar belə hesab edirlər ki, "Ukrayna müharibəsi” də Əfqanıstan və yaxud Vyetnam savaşı kimi uzun illər davam edə bilər. İndi hər kəsi bir sual düşündürür – minlərlə insanın ölümünə səbəb olan müharibə nə zaman bitəcək?

Qaynarinfo-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı bəyan edib ki, müharibə tərəflərdən birinin resursları tam tükənəndə bitəcək:"İndiki müharibədə əsas rolu insan və silah-sursat resursları oynayır. Əminəm ki, bütün mütərəqqi dünyadan dəstək alan Ukraynanın resursları bitməyəcək. Ağır sanksiyalar altında olan Rusiyanın isə resursları tükənəcək. Bu da düşünürəm ki, uzağı bir neçə ay davam edə bilər”. 
 


"Kimsə güzəştə getməlidir, bu olmasa məsələ yaxın vaxtlarda bitməyəcək”. Hərbi ekspert İbrahim Rüstəmli düşünür ki, tərəflərdən hər hansı biri güzəştə meylli olmadıqca müharibə uzanacaq: "Vəziyyət getdikcə gərginləşir. Müəyyən yumşalmalar olsa da, bu əməliyyatın yaxın vaxtlarda bitəcəyinə zəmin yaratmır. Problemin nə vaxt yekunlaşacağını müəyyənləşdirmək çətindir. Savaş hələ bir müddət də davam edəcək. Rusiya və Amerika dövlət başçılarının mövqeyindən çox şey asılıdır. ABŞ artıq açıq kontekstdə Rusiyaya meydan oxuyur. Kiyevlə Moskvanın sərt bəyanatlar səsləndirdiyi bir vaxtda problemin qısa zamanda həllini gözləmirəm”.
 

 
"Bu müharibə əslində uzun müddətli dövr üçün nəzərdə tutulub”. Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev deyib:"Ən azından Böyük Britaniya və ABŞ-ın planı uzun müddətli dövrdə Rusiyanı əzməkdən ibarətdir. Ona görə də onlar sülh danışıqlarına maksimum maneə olmağa çalışırlar. Türkiyənin vasitəçiliyilə tərəflər sülh müqaviləsinə yaxınlaşmışdılar. Ancaq Buça qətliamının yayılması ilə danışıqlar ləngidi, indi də tam dayanıb. NATO baş katibi, Böyük Britaniyanın baş naziri dəfələrlə bildirib ki, savaş aylar, illərlə uzana bilər. Deməli, prosesin gedişini buna hesablayıblar.  Sülh prosesi dalana dirənib. Ukraynaya ən yeni müasir silahlar gəlir. Bu fonda iki aydan sonra Ukrayna ordusu indikindən qat-qat güclü olacaq. Digər tərəfdən, məlumatıma görə,  Rusiyadakı bütün zavodlarda 24 saatlıq iş növbəsinə keçilib. Bu da onu göstərir ki, Rusiya da tam miqyaslı geniş hücuma hazırlaşır. Yəni,  Moskva da geri çəkilmək fikrində deyil”.
 


Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->