Dünya 19:21 16.06.2022

Ukraynada yanmış binanın divarındakı “Müharibə etmə, avropalaş” yazısı Fransa liderini sarsıtdı

Fransa, Almaniya, İtaliya və Rumıniya liderləri Ukraynanın İrpin şəhərinə gəliblər.

Bu barədə Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir.

Emmanuel Makron, Olaf Şolz, Mario Draqi və Klaus İohannis yanmış binaların yanında ukraynalı nazirin baş verənlər haqqında məlumatını dinləyiblər.

Liderlərə Rusiya hərbçiləri tərəfindən vurulan, içərisində ana və uşağın da olduğu avtomobilin qalıqları göstərilib.

Vurğulayaq ki, Ukrayna Fransanı müharibədə tutduğu mövqeyə görə tənqid edir. Rəsmi Parisin mövqeyi ilə bağlı verilən suala isə Makronun cavabı konkret olub:"Fransa və Avropa Ukraynanın və onun əhalisinin yanındadır”.

AB liderlərinin Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlarının iki əsas mövzusu Ukraynanın Avropa Birliyinə qoşulmaq istəyi və Rusiyaya qarşı döyüşmək üçün daha çox silaha ehtiyacının olacağı gözlənilir.

Makrona İrpində zədələnmiş binanın divarında "Müharibə etmə, avropalaş” şüarı göstərilib. "Bunu görmək çox təsir edicidir. Bu düzgün mesajdır”,- o cavabında deyib.

Liderlərin Ukraynaya səfərini şərh edən Kreml təmsilçisi bildirib ki, Kiyevə daha çox silah göndərilməsini müzakirə etməkdənsə, onlar vaxtlarını vəziyyətin real dəyərləndirilməsi üçün istifadə etməlidirlər.

Diplomatlar və rəsmilərin dediyinə görə, AB-nin icra orqanının Ukraynanı üzvlük üçün rəsmi namizəd olmağa dəvət edəcəyi gözlənilir. 

Nurlan Hüseynov