Qondarma "Donetsk Xalq Respublikası hakimiyyəti” tərəfindən Ukraynaya casusluqda ittiham olunan jurnalist Stanislav Aseev rəsmi Kiyevin Donbası qaytarmaq istəyinə inanmadığını deyib.
Qaynarinfo xəbər verir ki, bu haqda Ukraynanın "Beşinci kanal”ı məlumat verib.
"Ukrayna hakimiyyəti orta və ali məktəblərində yerli qiyamçıların qəhrəmanlığı təbliğ olunan və bizə tamamilə yad dəyərlər üzərində tərbiyə edilən bir nəslin böyüdüyü Donbası almağa hazır olmadığını başa düşməlidir... Ukraynanın "DXR” və "LXR” tərəfində döyüşmüş adamlara ehtiyacı yoxdur. Onları yalnız Rusiyaya göndərəndən sonra sərhəd üzərində nəzarəti bərpa etmək olar", - jurnalist deyib.
"Ukrayna bu müharibəni uduzub və bu əraziləri itirib... Onları geri qaytara bilməyəcəyik", - Aseyev hesab edir.
Xatırladaq ki, "Stanislav Vasin" təxəllüsü ilə tanınan Stanislav Aseyev 2017-ci ilin mayında qaçırılıb. Oktyabrın 22-də qondarma "DXR məhkəməsi" Aseyevi 15 il həbs cəzasına məhkum edib. "Müstəntiqlərin" dediyinə görə, guya Aseyev 2015-ci ilin martından 2017-ci ilin mayına qədər ekstremist bir qrupun üzvü olub və pul müqabilində yerli "hakimiyyəti” və "hüquq mühafizə orqanları”nı, DXR silahlılarını tənqid edib.
Hüquq müdafiəçiləri onun əvvəlcə Donetskdəki keçmiş "İzolyasiya” art-məkanının ərazisində qanunsuz olaraq saxlanıldığını bildirib.
Alpər