"Yaxın perspktivdə Rusiyanın Ukraynanın dərinliklərinə daha təsirli hücumları gözlənilir ki, bu da humanitar fəlakətlə müşahidə olunacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ, Çin və Almaniyanın öz vətəndaşlarına Kiyevi tərk etmək çağırışı ilə müraciət etməsinə münasibət bildirərkən deyib.
"Almaniya, ABŞ, Çin öz vətəndaşlarını Ukraynadan geri çağırması heç də səbəbsiz deyil. Son zamanlar Ukrayna ordusu Rusiya ərazilərinə doğru irəliləməkdə davam edir. Bu isə Rusiyada kəskin narazılıq və narahatlığa səbəb olub. Təsadüfi deyil ki, Kursk məğlubiyyətindən sonra Putin dərhal Təhlükəsizlik Şurasının iclasını çağırdı və burada məğlubiyyətə görə məsuliyyət daşıyanların, həm də Kiyevin cəzalandırılması ilə bağlı qərar qəbul etdi", deyə Üzeyir Şəfiyev bildirib.
Ekspert hesab edir ki, Putinin Ukraynanın içərisinə, özəlliklə də Kiyevə təsirli zərbələr endirməsini nəzərdə tutduğu gözləniləndir:
"Bununla bağlı, ABŞ, Almaniya və Çinin dəqiq kəşfiyyat məlumatları olduğundan onlar öz vətəndaşlarını Ukraynadan geri çağırır. Onlar bilirlər ki, Putinin bu hücumu nəticəsində böyük humanitar fəlakətlər gözlənilir. Müharibə uzanır və Ukraynanın xeyrinə əsaslı dəyişikliklər mümkünsüz görünür".
Həmsöhbətimiz bildirir ki, Rusiya Ukraynanın dərinliklərinə daxil olub, onu status-kvo ilə barışdırmaq istəyir:
"Yaxın perspktivdə Rusiyanın Ukraynanın dərinliklərinə daha təsirli hücumları gözlənilir ki, bu da humanitar fəlakətlə müşahidə olunacaq. Ukrayna Qərbdən gələn daha müasir silahlarla silahlanır ki, bu da cəbhədə müvəqqəti uğur hekayəsi yaradır. Ancaq əsaslı qələbəni təmin etmir. Çünki Qərb Rusiyaya qarşı tam konsalidasiya şəklində mübarizə aparmır".
Qeyd edək ki, son günlər ABŞ, ardınca Çin və Almaniya hökuməti öz vətəndaşlarını Kiyevi tərk etməyə çağırıb. Məlumatda bildirilir ki, avqustun 24-ü Ukraynanın Müstəqillik Günündə Rusiyanın Kiyevə və digər iri şəhərlərə və oradakı hökumət binalarına güclü zərbələr endirəcəyi gözlənilir. Ona görə də adı çəkilən ölkələr öz vətəndaşlarını Kiyevi tərk etməyə çağırıb. İndiki halda, Putin Rusiyanı sözü həqiqi mənasında Kiyevi cəzalandırmaqda əvvəlki dövrlərlə müqayisədə daha israrlı görünür. Bu da Ukrayna ordusunun Rusiya ərazisinə daxil olması ilə əlaqədardır.
Rüfət Sultan