Xəbər lenti

Ukraynasız: Uitkofun Rusiyaya səfəri sülh sazişinin taleyini həll edə bilər -
Dünya 14:10 01.12.2025

Ukraynasız: Uitkofun Rusiyaya səfəri sülh sazişinin taleyini həll edə bilər - "The Times"

Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəyi Cared Kuşnerin Moskvaya səfəri Ukrayna üçün nəzərdə tutulan sülh planını ya poza, ya da onun taleyini həll edə bilər.

Qaynarinfo xəbər verir ki, bu sözləri "The Times” yazır.

Bazar günü Floridada Vaşinqton və Kiyev nümayəndələri idman məsələlərini deyil, Ukraynanın gələcəyini müzakirə edirdilər. Amma əsl dramatik mərhələ – Uitkoff və Kuşnerin yaxın günlərdə yollanacağı Moskvadadır.

Floridadakı Amerika nümayəndə heyətinə həmçinin dövlət katibi Marko Rubio daxil idi və o, danışıqları daha ənənəvi çərçivədə saxlamağa çalışırdı. Ukraynanı isə SNBO katibi Rustem Umerov təmsil edirdi. O, Andrey Yermakın mənzilində aparılan axtarışdan sonra istefa verməsi ilə gözlənilmədən nümayəndə heyətinin rəhbəri olub.

Korrupsiya qalmaqalı danışıqların balansını dəyişdi

Yermakın istefası, Vaşinqtonun Moskva ilə əsas məsləhətləşmələrə hazırlaşdığı bir vaxtda, Kiyev üçün zərbə oldu.

Putin artıq bu hadisədən təbliğat üçün istifadə edib, Zelenskini "oğru rəhbərlik” adlandırıb və guya Ukraynanın amerikalı vergiödəyicilərinin pullarını mənimsədiyini iddia edib.

Tramp isə "Ukraynadakı korrupsiya vəziyyətinin” "faydalı olmadığını” etiraf edib.

İndi Kiyevdə qorxurlar ki, Rusiya lideri Uitkofa və Kuşnerə daha da güclü təzyiq göstərə bilər – özü də Ukraynanın iştirakı olmadan.

Uitkofun qərəzsiz vasitəçi kimi rolu sual altındadır

Uitkofun "ədalətli vasitəçi” kimi mövqeyi Kremlin müşaviri Yuri Uşakovla söhbətinin stenoqramı sızdırıldıqdan sonra bir daha zərbə aldı. Sənəddə amerikalı emissar faktiki olaraq Rusiyaya Trampa necə təsir etməyi məsləhət görür və hətta Zelenskinin ABŞ lideri ilə görüşməsinə mane olmağı tövsiyə edir.
"Rusiya Federasiyası həmişə sülh sazişi istəyib. Mən belə hesab edirəm”, – Uitkoff stenoqrama görə belə deyib.
Bununla yanaşı, o, artıq altıncı dəfə Rusiyaya gedir – amma hələ bir dəfə də Ukraynanı ziyarət etməyib.

Şübhəli iqtisadi maraqlar

Ukraynanın müttəfiqlərini narahat edən digər məqam: Moskvaya səfər zamanı Putin Kuşnerə və Uitkofa Qəzza üzrə razılaşmalarda olduğu kimi, sərfəli biznes təklifləri edə bilər.

Bu şübhələri, onların oktyabrda hazırladığı ilkin ABŞ–Rusiya sülh planının məzmunu daha da gücləndirir. Ən mübahisəli bəndlər arasında bunlar var idi:

Ukrayna ordusunun 600 min hərbçi ilə məhdudlaşdırılması,
Rusiyaya bəzi ərazilərin verilməsi,
dondurulmuş Rusiya aktivlərindən 100 milyard dolların istifadəsi (bu məbləğin 50%-i ABŞ-a gəlir kimi qalır),
təyinatı naməlum olan ortaq ABŞ–Rusiya investisiya fondunun yaradılması.

Avropaya isə sadəcə əlavə 100 milyard dollar ödəmək təklif edilirdi – hər hansı bir qazanc olmadan.

Polşa Prezidenti Donald Tusk açıq şəkildə bildirib:

"Biz bilirik ki, söhbət sülhdən getmir. Söhbət biznesdən gedir”.

Ukraynanın kəskin tənqidindən sonra plan 19 bəndə endirilib və Rubio prosesi nəzarətə almağa çalışıb. Amma Moskvaya Putinin yanına gedəcək şəxslər Rubio deyil – Uitkoff və Kuşnerdir.

Ukraynasız bağlana biləcək tarixi saziş riski

Putinin əvvəlki bəyanatları və Trampın reaksiyası Moskva danışıqları öncəsi təhlükəli fon yaradır.

"Ukrayna üçün problem ondadır ki, Rusiya tərəfi ilə məsləhətləşmələr aparılarkən Rubio həmin otaqda olmayacaq”, – nəşr yazır.

Tamamilə mümkündür ki, Putin amerikalı emissarları "nəticəsiz” buraxmaq istəməyəcək – bu "nəticə” isə Ukrayna üçün son dərəcə əlverişsiz ola bilər.

Məlum olduğu kimi, bazar günü Ukrayna və ABŞ Floridada sülh sazişi üzrə məhsuldar danışıqlar aparıblar. Kiyev Zelenski ilə Tramp arasında şəxsi görüşün vacibliyində israr edir. Növbəti raundun yeri hələ müəyyən olunmayıb.

Tərəflər sülh sazişinin layihəsini razılaşdıra bilməyiblər. KİV mənbələri iddia edir ki, əsas mübahisələr ərazi məsələləri və Ukraynanın NATO üzvlüyü ilə bağlı olub.
Danışıqlarla bağlı xəbərlərin fonunda məlum olub ki, bazar ertəsi Uitkoff və Kuşner Moskvaya səfər edəcəklər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->