Oktyabrın 10-da Ukrayna ərazisini atəşə tutandan sonra Rusiyanın bu cür kütləvi raket hücumlar üçün qanadlı raket ehtiyatı yoxdur.
Qaynarinfo xəbər verir ki, bu barədə hərbi ekspert Pavel Luzin "The Insider”ə müsahibəsində
bildirib.
"Rusiyanın bu gün istifadə etdiyi 83 raketi bir neçə aya toplanılıb. Söhbət qanadlı raketlərdən gedirsə. Köhnə sovet X-22 raketləri, S-300 zenit raketləri, Toçka-U, Uraqan raketləri - bunlar hələ kifayətdir, lakin o qədər də çox deyil. Terror üçün kifayətdir, amma başqa heç nə.
Rusiyada hər il uzun mənzilli qanadlı və operativ-taktiki ballistik raketlərin hər növündən maksimum 50 ədəd istehsal olunur. Buraya dəniz və qurudan atılan "Kalibr”, təyyarələrdən buraxılan X-101, gəmi əleyhinə olan "Oniks” və "İskəndər” kompleksi üçün raketlər aiddir. Ümumilikdə - ildə təxminən 200 ədəd istehsal olunur. Bundan əlavə, Rusiyada havadan buraxılan X-32 raketlərin istehsalı ildə 200-dən çox olmur. Oktyabrın 10-dakı kimi kütləvi hücumlar üçün istehsalı kəskin artırmaq və ya başqa ölkələrdən raket almaq nə təşkilati, nə texniki, nə də texnoloji cəhətdən mümkündür. Yalnız daha az inkişaf etmiş raketlər və ya İran pilotsuz təyyarələri ilə atəş açmaq mümkündür, lakin ümumilikdə onlar heç nəyə təsir etməyəcək”.
Oktyabrın 10-da Ukraynanın kütləvi şəkildə atəşə tutulmasından sonra Rusiyanın sursatlarının tükəndiyini Böyük Britaniya kəşfiyyatı da bildirir.
"Biz bilirik və yerdəki rusiyalı komandirləri də bilirlər - onların təchizatı və sursatları tükənmək üzrədir", - Böyük Britaniyanın Hökumət Kommunikasiya Mərkəzinin (GCHQ) rəhbəri Ceremi Fleminq
deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Ukraynada səfərbərlik və mülki infrastruktura zərbələr endirmək barədə son qərarları daxili müxalifətin olmaması səbəbindən "səhv” olub.
"Bu, mühakimə yürütməkdə strateji səhvlərə səbəb olan yüksək riskli strategiyadır", - Fleminq bildirib. O qeyd edib ki, Rusiya qoşunlarının ilk aylarda döyüş meydanında əldə etdiyi bütün uğurları puça çıxardığı üçün Ukraynadakı müharibənin insan və texnika baxımından xərcləri "heyrətləndiricidir". Fleminq deyib ki, Ukrayna artıq müharibənin gedişatını dəyişib və "tükənmiş" Rusiya qüvvələri ilə üz-üzədir.
O, həmçinin əmindir ki, rusiyalılar Putinin yanlış qərarlarının yaratdığı problemləri anlamağa başlayıblar. "Onlar Putinin vəziyyəti nə qədər səhv qiymətləndirdiyini görürlər”, - kəşfiyyat rəhbəri deyib.
Bu arada Ukraynanın "Forbes” jurnalı oktyabrın 10-da Ukrayna şəhərlərinə kütləvi raket hücumunun Rusiya büdcəsinə nə qədər başa gəldiyini hesablayıb. Nəşrin məlumatına görə, raket və PUA hücumu 400-700 milyon dollara başa
gəlib.
Nəşrin məlumatına görə, Ukrayna ərazisi boyunca 84 qanadlı raket buraxılıb, rəsmi açıqlamalara istinadən hücumda 24 pilotsuz uçuş aparatı da iştirak edib.
Forbes qeyd edir ki, atılan raketlərin dəyəri geniş diapazonda qiymətləndirilir, çünki hər növ raketlərin dəqiq sayı məlum deyil. Məlumata görə, Ukrayna ərazisinə X-101, X-555, Kalibr, İskəndər, Tornado-S və S-300 raketləri atılıb.
Xərcləri hesablamaq üçün Forbes aşağıdakı hesablamalardan istifadə edib: X-101 raketinin qiyməti 13 milyon dollar, "Kalibr”in qiyməti 6,5 milyon dollar, "İskəndər”in qiyməti 3 milyon dollar, "Oniks”in qiyməti 1,25 milyon dollar, X-22 raketinin qiyməti 1 milyon dollar və "Tochka-U" - 300 min dollar.
"Forbes”in daha əvvəl hesablamasına görə, müharibənin ilk iki ayında Rusiya qoşunları, Ukraynaya 7,5 milyard dollara başa gələn 1300-dən çox raket
atıb.
Nizami Bağırov