
Belarus hərbi təlimlər üçün "Veyşnoriya" adlı xəyali bir ölkə yaradaraq, onunla müharibə edir.
"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu utopik ölkə sosial şəbəkələrdə fenomenə çevrildikdən sonra onun Xarici İşlər Nazirliyi, bayrağı, həmçinin "Wikipedia"sı belə yaradılıb.

"Veyşnoriya" Belarus tərəfindən "Zapad 2017" təlimi üçün yaradılan 3 ölkədən biridir. Ssenariyə görə utopik ölkə Belarusu işğal edir və onun rəsmi Moskva ilə münasibətlərini pozmağa çalışır. 29 avqustda zabitlər üçün təşkil olunan brifinqdə ictimaiyyətə açıqlanan təlim xəritəsinə əsasən "Veyşnoriya" Belarusun şimal-qərbində, digər iki xəyali ölkə "Vesbariya" və "Lubeniya" isə Litva və Polşa ərazilərində yerləşir. Bəzi şərhçilərin fikrincə Belarus və "Veyşnoriya" arasındakı sərhəd 1920-1930-cu illərdəki Polşa-Sovet İttifaqı sərhəddini xatırladır. Kyky.org saytının yayımladığı məqalədə qeyd olunur ki, "Zapad 2017" təlim proqramına əsasən belaruslar Belarus torpaqlarına hücum edəcəklər.

Məşhur tarixçi-politoloq Pavel Usov rəsmi "Facebook" səhifəsində "Veyşnoriya"nı sülhsevər və demokratik ölkə adlandırıb. O, məsələyə bir az da ironiya qataraq, Rusiya-Ukrayna arasındakı gərginliyin timsalında Moskvanın Minsk üzərində tam hakimiyyətini bərpa etmək üçün Minsk ilə Qiradis ("Veyşnoriya"nın paytaxtı) arasındakı münasibətləri pozmağa çalışacağını, "Veyşnoriya"nın NATO və Aİ-yə daxil olmasını əngəlləmək üçün əlindən gələni edəcəyini istisna etmədiyini də qeyd edib.
"Veyşnoriya" barədə məlumatlar xəyali ölkənin xəyali Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" hesabı olan @Vaisnoria_MFA səhifəsində yayımlanır. Belarus və rus dillərində "tweet"lər atan səhifənin məlumatına görə, ölkə Belarusla sərhəddə qoşun toplayıb və qismən səfərbərlik elan edib. Sosial şəbəkə hesabı həmçinin Rusiyanın Xarici İşlər Nazirliyinin saxta "Twitter" hesabı ilə də bir-birlərini tərifləyir, əməkdaşlığı daha da gücləndirəcəklərini yazır. Məlumatlarda bildirilir ki, "Veyşnoriya" müharibə zamanı könüllü surətdə təslim olan Belarus əsgərlərinə yağ, bal, çörək və sala verib, cavabında isə Belarusun Baş Qərargah rəisi Oleq Belokonev "Verşnoriya"ya girişi qadağan edib.

Bundan əlavə utopik ölkənin vətəndaşı olmaq istəyən belaruslar üçün sayt da yaradılıb ki, yüzlərlə insan xəyali pasport əldə etmək üçün müraciət edib. Wikipedia səhifəsində isə gerçək ölkələrdə olduğu kimi quru bir dillə ölkənin quruluşu, tarixi və idarəetmə forması ilə əlaqədar məlumatlar yerləşdirilib.
Çingiz Səfərli
Qaynarinfo.Az