Xəbər lenti

Uzun sürən küskünlük bitdi: Kral və şahzadə bir araya gəldi
Dünya 11:53 11.09.2025

Uzun sürən küskünlük bitdi: Kral və şahzadə bir araya gəldi

Britaniya kralı III Çarlz və oğlu şahzadə Harri uzun müddətdən sonra ilk dəfə üz-üzə görüşüblər. Görüş Londonun krallıq iqamətgahlarından olan Klarens Hausda baş tutub və təxminən 50 dəqiqə davam edib.

Qaynarinfo xəbər verir ki, Bukingem sarayının təsdiqlədiyi məlumata görə, kral III Çarlz sentyabrın 10-da Şotlandiyadan Londona qayıdıb, Harri isə rəhbərlik etdiyi xeyriyyə təşkilatlarının tədbirləri üçün ölkəyə səfər edib. Beləliklə, fevral 2024-dən bəri ata və oğul arasında ilk görüş gerçəkləşib.

Şahzadə Harri sonuncu dəfə ötən il atasına xərçəng diaqnozu qoyulduqdan sonra onunla qısa müddət görüşə bilmişdi. Lakin sonrakı səfərlərində bu görüşlər baş tutmamış, saraydan dəfələrlə rədd cavabı almışdı. May 2025-də BBC-yə açıqlamasında Harri, "ailəmlə barışmaq istəyirəm, həyat dəyərlidir” deyərək bu addımın anonsunu vermişdi.

Görüşdən sonra mətbuata danışan Harri atasının vəziyyətini "əla” kimi qiymətləndirib.

Harri və həyat yoldaşı Meqan Markl 2020-ci ildə kral ailəsindəki vəzifələrindən imtina etdikdən sonra ABŞ-a köçərək krallıqla münasibətlərdə ciddi böhran yaşamışdılar. Onlar verdikləri müsahibələrdə ailənin daxili sirlərini açıqlamış, 2023-cü ildə Harri "Spare” adlı kitabında atasını və qardaşı şahzadə Uilyamı sərt tənqid etmişdi.

Bundan əlavə, Harri Böyük Britaniyada dövlət tərəfindən maliyyələşdirilən təhlükəsizlik xidmətindən məhrum edilməsi ilə bağlı məhkəmə mübarizəsi apararaq ailə ilə münasibətləri daha da gərginləşdirmişdi. Son aylarda isə o, xüsusilə atasının səhhətinə görə barışmaq istədiyini açıq şəkildə dilə gətirmişdi.

Beləliklə, şahzadənin uzun illərdən sonra atasına qovuşması krallıq ailəsi daxilində münasibətlərin yumşalması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->